"Çempionat pandemiyaya görə dayananda çox adam düşünürdü ki, çempionat davam etsəydi, "Sumqayıt" bu yükü daşıya bilməyəcəkdi. Bu, məni üzürdü. Bu gün futbolçular sübut etdi ki, ötən ilki uğurumuz təsadüf deyil"

"Şükürlər olsun, çətin dönəmdə çempionatı başa vurduq. Burada hamının rolu var. Hər kəsə təşəkkür edirəm". Matc.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun final matçından sonra mətbuat konfransında deyib.
 
40 yaşlı mütəxəssis finala yaxşı hazırlaşdıqlarını bildirib: "Futbolçularımı təbrik edirəm. 3-cü yeri təmin etdikdən sonra komandada rahatlıq ola bilərdi. Amma bu göstərmədilər. Bu gün oyunla məğlub olmadıq. çıxışımız məni sevindirir. İlk hissədə bəlkə də mövsümün ən yaxşı oyununu oynadıq. Amma təəssüflər olsun ki, ikinci dəfə finala çıxsaq da, kuboku qazana bilmədik. Bunun özü də bir uğurdur. Hamımız titul istəyirdik".
 
Abbasovun sözlərinə görə, mövsümün əvvəlində komandaya inananlar az idi: "çempionat pandemiyaya görə dayananda çox adam düşünürdü ki, çempionat davam etsəydi, "Sumqayıt" bu yükü daşıya bilməyəcəkdi. Bu, məni üzürdü. Bu gün futbolçular sübut etdi ki, ötən ilki uğurumuz təsadüf deyil. Futbolçularıma təşəkkür edirəm ki, özləri haqqında bu fikri dəyişə bildilər. Amma daha da inkişaf etməliyik. Heyəti qoruya bilməməyimiz məni üzür. İki günlük istirahətdən sonra yeni mövsümün planları ilə məşğul olacağıq. "Keşlə"ni və avrokuboka vəsiqə qazanan digər klublara uğurlar arzu edirəm. Avrokuboklara düşməyənlər də ruhdan düşməməlidirlər. Rəhbərliyə təşəkkürümü bildirirəm. İnanıram ki, düzgün qərar verəcəklər".
 
Baş məşqçi hələ heç bir futbolçu ilə müqavilə bağlamadıqlarını söyləyib: "Mənim də sözləşməm bitir. Rəhbərliklə danışdıqdan sonra bu suala cavab verə bilərəm. Hələ heç nə bilinmir. Hər baş məşqçinin planı olmalıdır. Oyunçuların qalmasını istərdim. Bəzi mövqelərdə rəqabət olmasını istərdim. çünki çox əziyyət çəkdik. Bu gün gənclərə şans verdim ki, final ab-havasını hiss etsinlər. Bu, onlar üçün böyük təkandır. Mən özüm də məşqçi kimi inkişaf etmək istəyirəm. İnanıram ki, xeyirli qərarlar veriləcək". (report.az)
 
Abbasov oyundan sonra bəzi futbolçuların ağladığını gizlətməyib: "Onlara dedim ki, başımızı uca tutmağa haqqımız var. Bu gün ruhdan düşsək, bizim üçün yaxşı olmaz. İçəridə sarsıntı olsa da, bunu büruzə verməməyə çalışdım. Müasir futbolda aqressiya, istək olmasa, qələbə qazana bilməzsən. Ən qorxduğumuz standart vəziyyətlər idi. O da başımıza gəldi".
 
Mütəxəssis çempionatda qazandıqları bürünc medalı ölkə kubokuna dəyişməklə bağlı suala da cavab verib: "çətinliklərimizi göz önünə gətirəndə seçim etməkdə tərəddüd edirəm".
 
Abbasov "Keşlə"nin baş məşqçisi Sənan Qurbanovla arasındadı maraqlı dialoqu da açıqlayıb: "Ona dedim ki, kubokun üzərinə sənin şəklini vura bilərik. Yerli məşqçilərin uğuru məni sevindirir. ümid edirəm ki, yenidən onunla rəqib olaram".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest