PFL-in prezidenti Ramin Musayev Azərbaycan Kubokunun "Keşlə" - "Sumqayıt" ginal oyunundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

- Azərbaycan kuboku ilə mövsüm başa çatdı...
- ötən il koronavirus pandemiyası ilə bağlı mövsüm yarımçıq başa çatdırıldı. Amma bu dəfə futbol ili tam yekunlaşdı. Deyərdim ki, layiqli komandalar layiqli yerlərə nail oldular. Avrokuboklarda onların hər birinə uğurlar arzulayırıq. İlk növbədə püşkatmada bəxtləri gətirsin. Düşünürəm ki, komandalarımız bu il bizi sevindirərlər.

- Premyer Liqada və ölkə kubokunda sürpriz qalib oldumu?
- Hər iki yarışda oynayan komandalardan soruşsaz, deyərlər ki, mənim üçün sürpriz deyildi. Hətta dünən "Sumqayıt"ın prezidenti Riad Rəfiyevə də demişdim ki, uşaqları çox yorma, onsuz "Keşlə" qalib gələcək.

- Bu əminlik haradan idi?
- Bilmirəm. Premyer Liqanın son turunda "Neftçi" – "Qarabağ" oyununda da demişdim ki, birincilər qalib olacaq.

- Onu sabiq "Neftçi"li olaraq demişdiz?
- Yox. Qurban Qurbanova da hörmətim böyükdü, "Qarabağ"a da. Sadəcə intuisiyam elə deyirdi. Mən həmişə demişəm, bu gün də deyirəm ki, hər kəsin qəlbində bir komanda olur. Mən də qəlbimdə 8 komandanı saxlaya bilmərəm. Bu, mümkün deyil. özü də bilirsiniz ki, yenicə əməliyyat olunmuşam, yükləmək olmaz (gülür).

- Mövsümü azarkeşsiz başa vurmaq daha asan idi, yoxsa əksinə? çünki onlar olduqda bəzən iğtişaşlar da baş verir...
- Yox, azarkeş olduqda yaxşı olur. çünki stadionda bir az qalmaqal yaradırlar, oyunlar maraqlı keçir. İnanırsınız ki, son matçlarda azarkeşlərdən imtina etmək mənim üçün ağır oldu. Məni də başa düşərlər. özbaşına deyilik. Əsas insanlarımızın sağlamlığıdı. Deyəcəklər ki, bəs tribunalarda əyləşənlər vardı. Orda oyunu izləyənlər arasında qazilərimiz oturmuşdular. Onlar baş tacımızdılar. Futbolçuların ailələri gəlmişdilər. Onlara "yox" deyə bilməzdik. Əlbəttə, istərdik ki, stadion tamamilə dolu olsun. Ancaq nə etmək olar? Gərək bu  qərarla razılaşaq. İnşallah, əmin-amanlıq olsun, gələn il yaxşı olar.

- Torpaqlarımızı azad etdik, rayonlarımızı geri qaytardıq. Bu, gələcəkdə çempionatdakı komanda sayına təsir edə bilərmi?
- Bu haqda söhbət olub. Hətta elə düşünməyin ki, mən Rövnəq və ya Elxan müəllimi nəzərdə tuturam. Futboldankənar adamlardan da eşitmişəm ki, hər bir zonada öz rayonunu təmsil edən komandanın olması məsləhətdi. Stadionların tikilməsi ilə bağlı məlumatlarımız var. Bu gün üçün desək, düşünərlər ki, azarkeşləri sevindirmək üçün deyirik. Amma elə deyil. Cənab Prezident İlham Əliyev buyurdu ki, dünyada tayı-bərabəri olmayan Şuşa yaradılacaq. Belə olduğu halda, deməli onun stadionu da olacaq. Şuşada stadion olduqdan sonra ətraf rayonlarda da tikiləcək. Ağdamda 100 faiz olacaq. Əvvəllər Kəlbəcərdən, Qubadlıdan komandalarının olmasını, yeni klublar yaratmaq istəyən uşaqlar olub. Bərdənin özündə komandamız olub. Sözsüz ki, bunların yaranması çempionatı daha maraqlı edər. Futbolçular bölgələrə gedərlər. Hər zonadan 1-2 oyunçu çıxsa, millimizə futbolçu axtarmaq da lazım deyil.

- AFFA Lisenziyalaşdırma Komitəsi divizion klublarından heç birinə lisenziya verməsə də, son qərar İcraiyyə Komitəsinin iclasında veriləcək. Yeni mövsümdə 10 komandanın iştirak etməsi üçün heç olmasa 1 faiz inam varmı?
- Toplantıya qədər sponsor tapılarsa, mənə elə gəlir ki, nəsə əldə etmək olar. Düzəlməyən nəsə yoxdu. Təki istək olsun.

- "Neftçi" bu il çempionlar Liqasında oynayacaq. Sizcə onlar "Qarabağ"ın uğurunu davam etdirə biləcəklərmi?
- Bu il çətin olar. Belə düşünürəm. Sözsüz ki, uğurlar arzulayıram. "Neftçi" hamımızın sevdiyi, uşaqlıqdan azarkeşlik etdiyi komandadı. çətin olsa da, mübarizə aparmalıdılar. O da komandanın hazırlığından, yığacağı futbolçulardan asılı olacaq.

- Premyer Liqanın sponsoru ilə bağlı məsələ nə yerdədir?
- Növbəti mövsümdə söz veriblər ki, olmalıdı. Pandemiya ilə bağlı hələlik söhbətimiz alınmır. Onların da marağı var ki, gəlirlər. Əgər sponsorun qoyduğu tələblərə əməl edə bilmiriksə, o zaman olmaz axı. Tamaşaçılar, reklamlar... O da maraqla gəlir. Bizə kim havayı pul verər ki?

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest