ötən gün Azərbaycan kubokunun qalibi olan "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov qarşıdakı planları barədə danışıb. Matc.az saytına açıqlama verən 40 yaşlı mütəxəssis hələ heyətlə bağlı heç bir rəsmi qərarın olmadığını dilə gətirib:
 
"Dünəndən bəri hələ ki, dəyişən ciddi bir şey yoxdur. çünki az vaxt keçib. Düzdür, bu gün səhər rəhbərliklə görüşümüz olub. Amma futbolçularla bağlı yekun qərar, qarşıdakı planlar dəqiqləşməyib. Ən qısa zamanda bütün məsələlərə detallı şəkildə aydınlıq gətirməyə çalışacağıq".
 
Qurbanov növbəti mövsümdə də "Keşlə"ni çalışdırmağa davam edəcəyini söyləyib: "Mənimlə müqavilənin müddəti rəsmən artırılmasa da, razılıq əldə olunub. Bundan əvvəl də söhbətimiz olmuşdu, klub prezidenti mənimlə davam edəcəklərini söyləmişdi. Sadəcə, bu məsələlərin rəsmiləşməsi qalıb".
 
Baş məşqçi komandadan kimlərin gedəcəyinə hələ tam aydınlıq gəlmədiyini bildirib: "İlk növbədə heyətdəki futbolçuları saxlamaq istəyirik. Bəzi futbolçular var ki, müqavilə müddətləri bitib, başqa klublardan da təklifləri var. Onların arasında saxlamaq istədiklərimiz də var. Amma gedənlər də olacaq. Məsələn, müqavilə müddəti başa çatan legionerlərdən göndərilənlər olacaq. Sezar Meza Kolliyə gəlincə, biz də onun haqqında elə mətbuatdan oxuyuruq. Bilirəm ki, təklifi var. "Neftçi"nin baş məşqçisi Samir Abasov onu sərəncamında görmək istədiyini söyləyib. Amma biz də büdcəmizə uyğun təklifimizi irəli sürəcəyik". 
 
"Keşlə"nin çalışdırıcısı büdcənin artırılmasının gündəmdə olmadığını söyləyib: "Belə bir şey gözlənilmir. Amma çalışacağıq ki, olan büdcəyə uyğun istədiyimiz heyəti formalaşdıraq, yaxşı, döyüşkən komanda quraq. Vaxtımız da azdır, artıq iyulda oyunlarımız olacaq". 
 
Qurbanov ötən ilin dekabrında transfer olunmuş Anatole Abanqın komandada qalacağını açıqlayıb: "Onun klubumuzla müqaviləsi var. Abanqın "Keşlə"dən ayrılması gündəmdə deyil".
 
Qəsəbə təmsilçisinin çalışdırıcısı yarımmüdafiəçi Vüsal İsgəndərliyinin Türkiyə klubuna mümkün keçidi barədə də danışıb: "Getmək istəyən futbolçunun qarşısını almayacağıq. Legioner həyatı yaşamaq istəyirsə, lap yaxşı. Amma biz də bütün futbolçuları bir daha nəzərdən keçirəcəyik. Hansı futbolçu mövsümü necə keçirib, dəyərləndirəcəyik, ona uyğun da qərarlar verəcəyik. Hər bir oyunçuya müvafiq təkliflərimizi irəli sürəcəyik. Ondan sonra hansı futbolçu necə qərar verəcək, onu zaman göstərəcək. İstədiyimiz futbolçuları saxlamaq üçün əlimizdən gələni edəcəyik". 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest