İspaniyanın "Real" klubunun yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, Madrid təmsilçisini bundan sonra Karlo Ançelotti çalışdıracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bir neçə gün öncə Zinədin Zidanla yollarını ayıran "kral klubu", fransız mütəxəssisi italyan məşqçi ilə əvəz edib. Zidan kimi, Ançelotti də ikinci dəfədir "Real"a baş məşqçi təyin olunub. 61 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
 
Xatırladaq ki, Karlo, 2013/14 və 2014/15 mövsümlərində də "Real"ı çalışdırıb. O, ilk mövsümündəcə Madrid təmsilçisini UEFA çempionlar Liqasının qalibi edib. "Real" italyan mütəxəssisin rəhbərliyi altında bütövlükdə 119 rəsmi matça çıxıb və 89 qələbə qazanıb. Komanda həmin dövrdə İspaniya kubokunda, UEFA super kubokunda, klublararası dünya çempionatında da ən güclü olub.
 
Qeyd edək ki, Ançelotti geridə qalan mövsümdə İngiltərənin "Everton" klubunu çalışdırıb. O, 2019-cu ildə sözügedən klubla 3 illik müqavilə imzalamışdı. Təcrübəli məşqçi İngiltərə təmsilçisində ilinə 11 milyon funt-sterlinq qazanırdı. "Everton" Premyer Liqada geridə qalan mövsümü 59 xalla 10-cu pillədə başa vurub.
 
Ançelottinin çalışdırdığı komandalar arasında "Napoli", "Bavariya", PSJ, "çelsi", "Milan", "Yuventus", "Parma" və "Recina" da var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest