Qeyd edək ki, Mahir Emreli Polşa çempionu "Legiya" ilə müqavilə bağlamaq üçün Varşavaya yollanıb. O, 2015-ci ildən "Qarabağ"ın formasını geyinirdi.

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli "Qarabağ" klubu ilə vidalaşıb. Matc.az xəbər verir ki, 24 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
 
"Bu yazını qələmə almaq çox çətindir. Bəzən elə anlar olur ki, hisslərini ifadə etməyə çətinlik çəkirsən. Amma hər son, bir yeninin başlanğıcıdır. Kiçik yaşlarımda başlayan xəyallar məni "Bakı" FK akademiyasına gətirdi. Orada böyüdüm. 18 yaşım tamam olan gün, məhz doğum günündə karyeramda ən önəmli qərarlardan birini verdim. Azərbaycanın ən böyük klubu - "Qarabağ"la müqavilə imzalamışdım. Yeniyetmə Mahir bəlkə də o dövrdə hara gəldiyinin, onu nələr gözlədiyinin fərqində deyildi. "Qarabağ" təcrübəsi məni daha da böyütdü, müdrikləşdirdi. Şübhəsiz bunda mənə yeri gələndə böyük qardaş, hətta ata əvəzi olan HOCA-mın-Qurban Qurbanovun zəhməti danılmazdır. Ona nə qədər təşəkkür etsəm, azdır.
 
5 mövsüm ərzində ardıcıl çempionluqlar, Avropada qrup mərhələsi... Və "Qarabağ" tarixinin ən çox qol vuran ikinci futbolçusu... Futbol azarkeşləri üçün ana laylası qədər doğma olan çempionlar Liqasının himnini canlı dinləmək. Hətta bu yolda ən vacib qollardan vuran biri olmaq. Sözlə ifadə olunmayacaq hisslərdir. Vaxt yetişmişdi. Avropada Azərbaycan futboluna, azərbaycanlı futbolçulara inam yaratmaq  zamanı. Cənnət Qarabağ azad olunduqdan sonra "Qarabağ"dan ayrılmaq...
 
Məni yeni çağırış gözləyir. Karyeramı vətəndən xeyli uzaqda davam etdirəcəyəm. Bunu çox yaxşı dərk edirəm ki, mən gözəl ölkəmi təmsil edəcəyəm. Bu sözləri qələmə alarkən qəhərlənməmək əldə deyil."Qarabağ"dan məni mən edən iki klubdan birindən ayrılmaq  çətindir.
 
Karyeramın qalan hissəsində hər addımımda dəstəyinizi hiss edəcəyimdən əminəm. Məni sevən və sevməyən, tərifləyən və tənqid edən, hətta bəzən təhqir edən bütün azarkeşlərimizin anasının əllərindən öpürəm.
 
Buradan sizə dərin təşəkkürlərimi çatdırır, mənim üçün doğma olan "Qarabağ"a növbəti mövsümlərdə uğurlar arzu edirəm. Yenə görüşəcəyik. "Qarabağ"ı Qarabağda izləmək üçün...
 
Dərin hörmət və ehtiramla, Mahir Emreli".
 
Qeyd edək ki, Mahir Emreli Polşa çempionu "Legiya" ilə müqavilə bağlamaq üçün Varşavaya yollanıb. O, 2015-ci ildən "Qarabağ"ın formasını geyinirdi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest