"Neftçi"nin yetirməsi İsmayıl Zülfüqarlı klubun rəsmi saytına müsahibə verib. Matc.az xəbər verir ki, son mövsümü və yeni mövsümə hazırlığı dəyərləndirən 20 yaşlı yarımmüdafiəçi azarkeşlərin stadiona qayıdıb komandaya dəstək olmasını ən azı onlar qədər gözlədiyini deyib:
 
- İsmayıl, "Neftçi" kimi köklü, həm də ölkədə ən titullu klubun yetirməsi olmaq nə deməkdir?
- "Neftci" adının özü elə böyük motivasiyadır. Bu klubun yetirməsi olmaq böyük və qürurlu hissdir. Bundan əlavə, öz üzərində çalışmaq və böyük hədəflər deməkdir.
 
- Son mövsüm əsas komandanın Premyer Liqa çempionluğu ilə yanaşı, "Neftçi-2"nin Birinci Divizionun qalibi olmasına da çox sevindik. Əvəzedicilərin heyətində meydana çıxdığın 9 oyunda 6 qol və 4 məhsuldar ötürmə müəllifi kimi bu çempionluqda sənin də əməyin böyükdür. öz oyunun baxımından mövsümü necə dəyərləndirirsən?
- Əsas komanda ilə yanaşı, "Neftçi-2" ilə də çempion oldum. çox gözəl və şərəfli hissdir. Düzdür "Neftçi-2"nin heyətində daha çox oyunda meydana çıxdım. Komandaya maksimum faydalı olmağa çalışdım. çempion olmuşuqsa, bunda mənim də payım varsa, deməli, mənim üçün uğuru mövsüm olub.
 
- 2019/20 mövsümündə əsas komandanın heyətində 5 matçda forma geyindin və hətta Moldovanın "Sperantsa" klubu ilə oyunda qol da vurdun, amma 2020/21 mövsümündə daha az – 2 oyunda şans qazandın. ötən mövsüm sağ cinahda oynamış ömər Buludov, Fəhmin Muradbəyli, həmçinin "Domjale" ilə oyunda həmin cinahda gördüyümüz yeni transfer Harramiz Suares kimi futbolçularla rəqabət aparmaq asan olmayacaq...
- Doğrudur, əsas komandadakı ilk mövsümümdə daha çox oynadım və məni tarixə salan qola imza atdım. Bu mövsüm isə meydanda daha az oldum. ömər, Fəhmin, yeni transfer Harramiz – bu adlar mənə daha çox çalışmaq üçün əsas verir. Rəqabətin olması gözəldir, bunsuz inkişaf olmaz. Yeni mövsüm heyətdəki yerimi möhkəmlədib, komandamızın gücünə güc qatmağa çalışacağam.
 
- 21 yaşadək futbolçulardan ibarət yığma komandadan ilk dəfə olaraq əsas milliyə dəvət aldın. Nə hisslər keçirirdin?
- Bu mövsüm mənim üçün həqiqətən də çox uğurlu alındı. çempionluqlar, əvvəlcə U-21, daha sonra isə əsas milliyə dəvət almaq. Milli komanda üçün oynamaq çox gözəl hissdir. Mən bunu U-17, U-19 və U-21-də yaşadım. Əsas millidə olmaq isə tam başqa bir hissdir. Bir futbolçunun karyerasında milli komandaya dəvət almaqdan, orada oynamaqdan gözəl hiss ola bilməz. İnşallah, milliyə daima dəvət almaq və orada oynamaq üçün çalışacağam.
 
- Yeni mövsümə hazırlıq necə gedir?
- Hər şey yaxşıdır. Komandada olan atmosfer yüksək səviyyədədir. Yeni gələnlər də tez adaptasiya oldular. Fiziki və taktiki məşqlər edirik. Hər şeyin daha da yaxşı olacağına inanıram.
 
- Toplanış çərçivəsində keçirdiyiniz oyunlarda, xüsusilə "Olimpya" ilə matçda fəal idin. Necə düşünürsən, rəsmi oyunlarda da baş məşqçi Samir Abasovun qurduğu heyətə düşə biləcəksən?
- çox sağ olsunlar, məşqşilərimiz inanır və şans verirlər. Əlimdən gələnin ən yaxşısını eləməyə çalışacağam.
 
- "Neftçi"nin bu mövsüm çempionlar Liqasında, ümumiyyətlə avrokuboklardakı çıxışından nə gözləyirsən?
- Bütün oyunları yüksək səviyyədə keçirməyə çalışacağıq. Düşünürəm ki, həm avrokuboklarda, həm də Premyer Liqada bizim üçün uğurlu mövsüm olacaq.
 
- Bu arada, 80 nömrəni 21-ə dəyişməyinin səbəbini bilmək olar?
- 21 mənim sevimli və uğurlu rəqəmimdir. Bundan əlavə, şəxsi həyatımla da əlaqəlidir.
 
- Pandemiya səbəbindən oyunlar hələ ki, azarkeşsiz keçirilir. Yəqin ki, sən də fanatların stadiona gəlib komandanı tribunalarda dəstəkləyəcəyi günü gözləyirsən...
- Uşaqlığımdan indiyədək həmişə "Neftçi" azarkeşlərinin komandaya dəstəyini görmüşəm. Onlar bizim üçün 12-ci oyunçudur. Fanatlarımızın stadiona qayıdıb bizə dəstək olmasını ən azı onlar qədər mən də gözləyirəm. İnşallah, tezliklə görüşərik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest