Futbol üzrə Azərbaycan I Divizionunda 2021/2022 mövsümü üçün 12 komandanın iştirakı təsdiqlənib. Matc.az xəbər verir ki, bu barədə "Report"a Peşəkar Futbol Liqasının Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib.
 
O, bildirib ki, "Zaqatala", "Turan Tovuz", "Kəpəz", MOİK, "Qaradağ Lökbatan", "Nefçi-2", "Qarabağ-2", "Keşlə2", "Sumqayıt-2", "Sabah-2", "Zirə-2" və "Səbail-2"nin yarışa qatılacağı bəllidir: "Bu o deməkdir ki, I Divizion ən azı 12 komandanın iştirakı ilə keçiriləcək. "Qəbələ" klubu bizdən əvəzedici komandalarının iştirak edib-etməyəcəyi ilə bağlı məktuba cavab üçün vaxt istəyib. Onların cavabından sonra I Divizionun nə vaxt başlayacağı, neçə dövrədən ibarət olacağı və digər detallar məlum olacaq".
 
"Qəbələ"nin baş meneceri Zaur Əzizov "Report"a açıqlamasında bu yöndə qeyri-müəyyənliyin olduğunu söyləyib: "Hazırda görünən odur ki, klub olaraq buna hazırlaşmırıq. Əvəzedici komandanın növbəti mövsüm olması yönündə hansısa hazırlıq görmürük. Bununla bağlı bir az qeyri-müəyyənlik var".
 
Qeyd edək ki, 2020/2021 mövsümündə I Divizionda 10 komanda iştirak edib. "Neftçi-2" 27 turdan sonra 64 xalla qızıl medallara sahib çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest