"Mən "Şerif"də oynayanda danışmağa başladıq. Moldova təmsilçisi ilə Çempionlar Liqasının təsnifat mərhələsində "Qarabağ"la qarşılaşdıq. Həmin vaxt Bakıya gələndə görüşdük"

ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Keşlə"nin legioneri Anatole Abanq maraqlı hadisə ilə gündəmə gəlib. Kamerunlu forvard azərbaycanlı xanımla ailə həyatı qurub. Afrikalı Adelya Hacıyeva adlı xanımla nigah masasına oturub. Cütlüyün görüntülərini fotoqraf Zeynal Məmmədli paylaşıb. Onların toy mərasimi Bakıda keçirilib.
 
Maraqlıdı, bəylə gəlin necə tanış olub? Onları bir-birinə bağlayan hansı tellər var? Anatole ilə Adelya xanımın məhəbbət hekayəsi necə başlayıb? Yəqin bu sualların cavabı oxucularımız üçün maraqlıdı. Bütün bunları nəzərə alıb, dünən Anatole Abanqla əlaqə saxladıq. Hücumçu ilə ailə qurması, "Keşlə"dəki karyerası, Konfrans Liqasındakı oyunları barədə söhbətləşdik.
 
- Adelya ilə necə tanış oldun?
- "İnstaqram" üzərindən yazışaraq. Mən "Şerif"də oynayanda danışmağa başladıq. Moldova təmsilçisi ilə çempionlar Liqasının təsnifat mərhələsində "Qarabağ"la qarşılaşdıq. Həmin vaxt Bakıya gələndə görüşdük. Sonra daha çox danışmağa başladıq. Beləcə münasibətimiz irəlilədi.
 
- Ailələriniz necə qarşıladı bu izdivacı?
- O qədər problem olmadı. "Keşlə"yə keçəndən sonra sevgimiz daha çox irəlilədi. Ailəmə dedim ki, mən bu xanımı sevirəm, onlar da etiraz etmədi. Beləcə evlənməyə qərar verdik.
 
- Toyunuz harda və necə oldu?
- Hələ ki toy mərasimi baş tutmayıb. Sadəcə, rəsmi nigah olub. Mərasim iyulun 14-də "Emiland"in zalında olacaq.
 
- Ailə həyatı qurursan. özü də başqa millətdən olan bir xanımla. özünü necə hiss edirsən?
- çox xoşbəxtəm. Amma üzərimə düşən məsuliyyəti dərk edirəm. Artıq daha çox çalışmalıyam. Daha subay yox, ailəli futbolçuyam. Bu səbəbdən də məsuliyyətim daha çox artır.
 
- Sənə ailə səadəti arzulayıb, bir az da futboldan danışmaq istəyirəm.
- Əlbəttə, buyur.
 
- Konfrans Liqasında "Soçi" ilə qarşılaşacaqsız. Bu çətin duelə hazırlıq necə gedir?
- Hər şey yaxşı və qaydasındadı. Komanda olaraq qarşılaşmaya köklənmişik. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışırıq.
 
- "Soçi" çox güclü rəqibdi. Rusiya təmsilçisini keçə biləcəksiz?
- Asan olmayacaq. Amma çox çalışsaq, nəticə əldə edə bilərik. Əsas komanda kimi formalaşmaqdı. Bunun üçün məşq edərək performansımızı artırmalıyıq. Əsas odu ki, rəqibdən qorxmuruq.
 
- İlk yoldaşlıq matçında "Qarabağ"a 0:7 uduzduz. Nə baş verdi?
- Açığı, mən də anlamadım. Biz toplanışa yeni başlamışdıq. Komandada çoxlu yeni futbolçu var. Yəqin ki, bu, əsas problem oldu. Rəqib də ölkənin ən güclü klubudu. Fərdi səhvlərdən istifadə edərək bizi cəzalandırdılar.
 
- Bu nəticə komandada qorxu hiss yaratmayıb? Düşünmürsən ki, bu darmadağın "Soçi" ilə oyuna təsir edər?
- Həmin oyun keçmişdə qaldı. Hər görüşə fərqli məqsəd üçün çıxırıq. Təbii ki, səhvlərimiz narahat edir. Amma həmin məqamları təhlil etmişik. Bilirik ki, eyni şeyləri təkrarlasaq, bizim üçün çətin olacaq. Həm də yoldaşlıq görüşü ilə əsas qarşılaşma fərqli olur. Bilirik ki, burda edəcəyimiz xırda səhv bütün ilimizi hədər edəcək. Bu səbəbdən daha ehtiyatlı olacağıq.
 
- Hamı deyir ki, Abanq yaxşı futbolçu olsa da, qol vura bilmir. Nədi problem?
- Bu məqam məni də üzür. çalışacam ki, bu problemi həll edim. Mən də qol vurmağı çox istəyirəm. Lakin sonda dəqiqlik çatmır. özümə güvənirəm. Bilirəm ki, qol vurmaq lazımdı. Artıq bu problemi həll etməyin zamanıdı.
 
- Növbəti mövsüm "Keşlə"nin bombardiri ola biləcəksən?
- Mənim hədəfim budu. çalışacam ki, daha çox qol vurub, komandama uğur qazandırım (futbol+).
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest