"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanovun matç.az saytına müsahibəsi

- Toplanışın Bakı mərhələsini artıq başa vurdunuz. Hətta bir yoxlama görüşü də keçirdiniz...

- Ayın 6-dan bir aradayıq. Şükür Allaha, hər şey qaydasında gedir. Son günlər bir qədər ağır məşqlər keçdik. "Qaradağ Lökbatan"la yoxlama görüşündə də gəncləri sınamaq imkanım oldu.

- Bir həftəlik hazırlığa əsasən, komanda Antalyaya istədiyiniz formada gedir?

- Fikrimcə, vəziyyət normaldı. Uşaqlar gündən-günə daha yaxşı çalışdılar. Hər şey plan üzrə getdi. Hər hansı bir problem görmürəm.

- Antalyada yoxlama görüşündə üz-üzə gələcəyiniz 4 rəqib bəllidi. 5-ci rəqib olacaqmı?

- Xeyr, 4 rəqiblə kifayətlənəcəyik. Yanvarın 16-da "Meppen" (Almaniya), 20-də "Yenisey" (Rusiya), 24-də "Fakel" (Rusiya), 26-da isə "MTK Budapeşt"lə (Macarıstan) qarşılaşacağıq. Ayın 27-də ölkəyə qayıtmalıyıq. Planda hər hansı bir dəyişiklik düşünmürük.

- Anar Nəzirov Aqil Məmmədovun yerinə gəldi. Bunu nəzərə alsaq, Davit Volkovini ilk ciddi transfer saymaq olar. Düşünmürsünüz ki, transferlərdə gecikirsiniz?

- Düzdü, Aqilin yerinə Anar komandaya qoşuldu. İzlədiyimiz oyunçular var. Onlarla bağlı qərarı Antalyadakı toplanış zamanı verəcəyik.

- Məlumdu ki, əsas diqqəti hücum xəttinin gücləndirilməsinə yönəltmisiniz. Təmkin Xəlilzadənin gedişindən sonra onun boşluğunu doldurmaq fikriniz yoxdu?

- Antalyada baxışa futbolçular çağırmışıq. Qış fasiləsində futbolçu tapmaq çətindi. Gənc əcnəbi futbolçuları yoxlamağı düşünürəm. Həm komandanın daxilindən, həm də yeni gələnlərlə yaranan boşluqları doldurmağa çalışacağıq.

- Neçə əcnəbi baxışa dəvət edilib?

- Bir neçə futbolçu çağırmışıq. Aralarında braziliyalılar da var, afrikalılar da. Hazırda onlarla danışıqlar gedir.

- Həmin legionerlərdən bəyənsəniz, neçəsini heyətə cəlb etməyi düşünürsünüz?

- Həm büdcəmizə uyğun hərəkət edəcəyik, həm də transfer xatirinə transfer etmək istəmirik. özlərini yaxşı tərəfdən göstərənlər olsa, anlaşacağıq.

- Hacıağa Hacılı "Qarabağ"a transfer olundu. "Qəbələ"nin öz yetirmələrinin çoxunu komandada saxlaya bilməməyinin səbəbi nədi?

- Hazırda akademiyanın bir neçə yetirməsi komandamızda çıxış edir. Bəhlul Mustafazadə, Elvin Camalov və Qismət Alıyevin adını çəkə bilərəm. Əvvəlki illərdə heyətə düşmək bir qədər çətin idi. Futbolçular isə müntəzəm oynamaq istəyirdilər. Bu səbəbdən biz də onların başqa komandada çıxış edib, oyun praktikası qazanmalarını istəyirdik. O ki qaldı Hacıağaya, o, millinin əsas üzvüdü. Elə yerə getməli idi ki, orda daim oynasın. Bizim əvəzedici heyətimiz olmadığından, futbolçular oyun praktikasından əziyyət çəkirlər. Bu üzdən Hacıağanın "Qarabağ"a keçməsi razılaşdırıldı. İstedadlı futbolçudu, sərfəli təklif oldu, biz də anlaşdıq.

- Mövsümün ikinci yarısında hədəfiniz nə olacaq?

- Həmişə iddialı "Qəbələ" olub. Bu adı qorumaq istəyirik. Daha çox irəli getməyə çalışacağıq. İlk "üçlüy"ə düşmək uğrunda mübarizə aparacağıq. Bilirəm ki, rəqiblər də bunu arzulayırlar. Hədəfimiz avrokuboka vəsiqə qazanmaqdı. Bunun üçün bütün bacarığımızı ortaya qoyacağıq.

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest