Serbiyanın "çukariçki" komandası Sloveniya toplanışını başa vurub. Matc.az xəbər verir ki, Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sumqayıt"ın rəqibi olan sözügedən kollektiv iyunun 24-də başladığı hazırlıq prosesini ötən gün yekunlaşdırıb.
 
Burada beş yoxlama oyunu keçirən Serbiya klubu, dörd qələbə qazanıb, bir heç-heçəyə razılaşıb. "Radomle" (1:0), "Yadrana Dekaniya" (2:0), "Arsenal" (Tula) (3:1) və "Olimpiya" (2:1) ilə görüşlər "Sumqayıt"ın rəqibinin qələbəsiylə yekunlaşıb. "çukariçki" yalnız ötən gün İsrailin "Aşdod" komandası ilə görüşdə 1:1 hesablı heç-heçəyə razılaşıb. Hansı ki, İsrail klubu da Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Azərbaycanın digər təmsilçisi "Qarabağ"ın rəqibidir.
 
"çukariçki"nin baş məşqçisi Duşan Corceviç Sloveniya toplanışı ilə bağlı klubun rəsmi saytına müsahibə verib. O, hazırlıq prosesini belə dəyərləndirib: "Toplanış uğurlu keçdi. Yoxlama oyunlarımızın da əksəriyyətində qələbə qazandıq. Amma bu, hər şeyin ideal olmasından xəbər vermir. Hələ üzərində çalışmalı olduğumuz çox məqamlar var. Komandanın yüz faiz hazır olduğunu demək doğru olmaz. Amma doğru yolda olduğumuzu əminliklə deyə bilərəm. Serbiyaya qayıtdıqdan sonra "Vozdovaç"la çempionat, "Sumqayıt"la Konfrans Liqasının matçlarına hazırlığa başlayacağıq. Yalnız "Sumqayıt"la oyunu düşünə bilmərik. Ondan öncə çempionat matçımız da var. Futbolçuların da ilk növbədə qarşıdakı oyuna köklənməsini istəyirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest