Polşa milli komandasının sabiq futbolçusu Tomaş Sokolovski "Legiya"nın hücumçusu Mahir Emreli haqda fikirlərini bildirib. Matc.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi, Mahirin Varşava təmsilçisini gücləndirə biləcəyini deyib:
 
"Mahir Emreli özünü yaxşı tərəfdən göstərdi. Mahir "Legiya"nı əhəmiyyətli dərəcədə gücləndirə bilər. Meydanda yaxşı hərəkət edir, yeni gəlməsinə baxmayaraq, komandaya sürətlə uyğunlaşıb. Getdikcə legionerlər daha yaxşı olacaq. Bununla yanaşı, futbolçular arasında əlaqə və bir-birini başa düşmə daha da inkişaf edəcək".
 
Polşa millisinin və "Legiya"nın sabiq futbolçusu Matsey Muravski də Mahirin Varşava təmsilçisinin heyətində çempionlar Liqasında uğurlu startı barədə fikirlərini bölüşüb. Tanınmış müdafiəçi bildirib ki, Norveçdə "Bodo Qlimt"ə qarşı I təsnifat mərhələsinin ilk görüşündə dubl edən 24 yaşlı forvardın özü də bu cür başlanğıcı xəyal edə bilməzdi:
 
"Legiya"da təzyiq hər zaman böyük olur. Yeni hücumçu bir neçə oyunda fərqlənə bilməsə, qolsuz matçların sayı artır. Ən əsası odur ki, Mahir təzyiq altına düşmədi. Onun əla qol duyumu var. Fərqləndiyi ilk epizodda çox gözəl instinkt nümayiş etdirdi. Bir sözlə, işinin öhdəsindən lazımınca gəldi. İkinci qolu isə əla ötürmədən sonra vurdu. Burada isə onun cəldliyi, sürəti və soyuqqanlılığı öz sözünü dedi. Yəni, heç bir qol təsadüf nəticəsində vurulmadı. Emreli yeni mövsüm öncəsi keyfiyyətli oyunçu olduğunu təsdiqlədi".
 
Qeyd edək ki, Mahir Emreli "Bodo Qlimt"lə matçın 41 və 61-ci dəqiqələrində fərqlənərək, komandasına 3:2 hesablı qələbə qazandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest