"Rüstəmi son yarış kimi apreldə Avropa çempionatına göndərmək istəyirdik. Səhhətində yaranan problemlər planımızı pozdu. Məmmədəlinin də test yarışı kimi bir turnirdə iştirakı yaxşı olardı"

Azərbaycan cüdoçularının bir qrupu sabah Olimpiya Oyunlarının keçiriləcəyi Tokioya yola düşəcək. Matc.az xəbər verir ki, Yaponiya paytaxtına gedəcək ilk heyətdə Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), qadınlardan isə Aişə Qurbanlı (48 kq) yer alıb.
 
Kişilərdən ibarət yığmamızın böyük məşqçisi Elxan Məmmədov səfər öncəsi fikirlərini  bölüşüb. Bütün komanda üzvlərinin Olimpiadaya tam hazır vəziyyətdə olduğunu bildirən keçmiş dünya və Avropa çempionu, qarşıya qoyulan minimum hədəfi açıqlayıb: "ölkə daxilində və xaricdə yaxşı təlim-məşqlər keçdik. Komandada zədə narahatlığı yaşayan idmançı yoxdur. 7 cüdoçumuzun hamısının əhval-ruhiyyəsi yüksək səviyyədədir. Hər biri medal qazanmaq istəyir. Minimum hədəfimiz medalsız qalmamaqdır. Allahın köməyi ilə hər şey yaxşı olmalıdır".
 
Yığmanın liderlərindən olan Rüstəm Orucov və Məmmədəli Mehdiyevin uzun müddətdir yarışlarda iştirak etməməsinin onların Olimpiadadakı çıxışına təsiri məsələsinə toxunan Məmmədov, bunları deyib: "Rüstəmi son yarış kimi apreldə Avropa çempionatına göndərmək istəyirdik. Səhhətində yaranan problemlər planımızı pozdu. Məmmədəlinin də test yarışı kimi bir turnirdə iştirakı yaxşı olardı. Onun da bu dövrdə müəyyən problemləri oldu.  Ancaq bu nə Rüstəm, nə də Məmmədəli ilə bağlı ilk belə hal deyil. Onlar əvvəllər də böyük yarışlar qabağı bəzi turnirləri buraxıb. Hər ikisi təcrübəli idmançılardır. Məncə, elə bir problem yaşamamalıdırlar".
 
Qeyd edək ki, Tokio-2020-nin cüdo yarışları iyulun 24-dən 31-dək "Nippon Budokan" arenasında baş tutacaq. Azərbaycan Olimpiadada 9 cüdoçu (7 kişi, 2 qadın) ilə təmsil olunacaq. Fanat.az
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest