"Qalatasaray"ın baş məşqçisi Fatih Terim "Olimpiakos"la yoxlama oyunu üçün getdikləri Yunanıstanda qarşılaşdıqları problemlə bağlı fikirlərini bildirib. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis baş verənlərlə bağlı bunları deyib:
 
"Türkün qonaqpərvərliyi heç kimdə yoxdur. Kimsə bizə belə davrana bilməz. Bu, xoş bir şey deyil. Biz bunlara boyun əyəcək insanlar deyilik. Başda prezidentimiz olmaqla, bizi qoruyan hər kəsə təşəkkür edirəm.
 
"Olimpiakos" rəsmiləri də bizə kömək etməyə çalışdı. Amma nəticədə bacarmadılar. Orada qalmamaq ən düzgün qərar idi. "Olimpiakos"un sahibi Marinakis də zəng vurdu. O da bizim hisslərimizi paylaşdı. Hər bir klub ölkəmizə gələn qonaqlara necə davrandığımızı, hava limanında onlarla necə maraqlandığımızı bilir. Biz həqiqətən də hər kəsə başqa cür davranırıq. Bunun "Qalatasaray"a yox, kimə edilən bir davranış olduğu ortadadır. Oradakı üslub da, münasibət də, davranış şəkli də xoş deyildi".
 
"Qalatasaray" növbəti mövsümə hazırlıq çərçivəsində "Olimpiakos"la yoxlama oyunu keçirmək üçün dünən Yunanıstana yollanıb. İstanbul təmsilçisi Afina hava limanında gözlənilməz davranışla üzləşib. Belə ki, "Qalatasaray" kollektivinin koronavirus pandemiyası ilə əlaqədar PCR testləri yunanlar tərəfindən qəbul olunmayıb. Onlar bütün kollektivdən yeni testlər götürəcəklərini bəyan ediblər. Təxminən iki saat sürən müzakirələrdən sonra müsbət nəticə əldə edə bilməyəcəklərini başa düşən "Qalatasaray" rəhbərliyi İstanbula dönməyə qərar verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest