Türkiyənin "Sivasspor" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi nigeriyalı Leke Ceyms və yunanıstanlı Dimitrios Qutası transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu ilə 2 illik müqavilə imzalanıb.
 
Leke Samson Ceyms Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Qadisiya"dan transfer olunub. 28 yaşlı forvard peşəkar karyerasına ölkəsinin "Bridge Boys" klubunda başlayıb. Daha sonra o, Norveçin "Olesund", "Molde", çinin BSU klublarında legioner həyatı yaşayıb. Bu ilin əvvəlində "Əl Qadisiya"ya üz tutan futbolçunun Ərəbistan karyerası qısa sürüb. "Sivasspor"un yeni transferi karyerası ərzində bütövlükdə 222 matça çıxıb, 103 qola imza atıb. O, bu oyunlarda 22 məhsuldar ötürmə müəllifi də olub.
 
Dimitrios Qutas isə Yunanıstanın "Atromitos" klubundan transfer olunub. 27 yaşlı mərkəz müdafiəçisi 2019-cu ildən sözügedən klubun uğurları üçün çalışırdı. Peşəkar karyerasına ölkəsinin "Ksanti" klubunda başlamış futbolçu, 2015-ci ildə "Olimpiakos"a transfer olunub. Lakin o, bu komandada möhkəmlənə bilməyib və 2019-cu ilə kimi Belçikanın "Kortreyk", "Sent-Truden", Polşanın "Lex" klublarına icarəyə verilib. Karyerası ərzində bütövlükdə 240 matça çıxmış Qutas, bu oyunlarda 17 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest