Türkiyənin "Alanyaspor" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisinin yeni transferlərindən biri Sloveniya milli komandasının üzvü Miha Mevlyadır.

31 yaşlı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. Təcrübəli futbolçu yeni komandasında "25" nömrəli formanı geyinəcək.

Onun sonuncu iş yeri Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Keşlə"nin rəqibi olan "Soçi" olub. Müdafiəçi 2019-cu ildən formasını geyindiyi bu klubdan bu yay ayrılıb. Karyerasına yetirməsi olduğu "Qoriça"da başlayan futbolçu, "Brda", "Lozanna-Sport", "Bney Saxnin", "Dinamo" (Buxarest), "Rostov" və "Zenit" kimi klublarda da çıxış edib. O, Sloveniya yığmasında 38 oyuna çıxıb, 1 qol vurub.

"Alanyaspor"un digər transferi seneqallı hücumçu Famara Dyedyudur. Seneqal millisinin üzvü İngiltərənin "Bristol Siti" klubundan transfer olunub. 28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. O, yeni komandasında "9" nömrəli forma altında çıxış edəcək.

Dyedyu 2017-ci ildən "Bristol Siti"də çıxış edirdi. O, geridə qalan dörd mövsüm ərzində bu komandanın heyətində 169 matça çıxıb, 51 qol vurub. Seneqal yığmasında 10 oyuna 5 qol vurmuş futbolçu, İngiltərəyə gələnə qədər yalnız Fransa klublarında forma geyinib. Belə ki, o, "Anje", "Klermon", "Soşo", "Ayaçço", "Epinal" və "Belfort"un da uğurları üçün çalışıb.

"Alanyaspor" son olaraq "Yeni Malatyaspor"da çıxış etmiş Ahmed Yıldızı da transfer edib. 24 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Türkiyəli futbolçu yeni klubunda "8" nömrəli formanı seçib. Avstriyada dünyaya gəlmiş Ahmed, Vyana "Rapid"inin yetirməsidir. O, 2016-cı ildə "Kasımpaşa"ya transfer olunub. Burada iki mövsüm keçirdikdən sonra 2018-ci ildən "Yeni Malatyaspor"a keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest