Cənubi Koreyanın MBC telekanalı beynəlxalq səviyyədə qalmaqala səbəb olub. Matc.az xəbər verir ki, MBC Tokio Yay Olimpiya Oyunlarının açılış mərasiminin yayımı zamanı paraddan keçən ölkələri fotolarla xarakterizə etməyə çalışıb.

İtaliya idmançı heyəti təqdim olunarkən ekranda pitsa, norveçlilər salona daxil olarkən isə qızılbalıq şəklindən istifadə edilib. Marşall adaları "ABŞ-ın keçmiş nüvə poliqonu", Suriya "vətəndaş müharibəsinin 10 ildir davam etdiyi ölkə" kimi təqdim olunub.

Bundan əlavə, Ukrayna heyəti paraddan keçərkən çernobıl faciəsinə dair görüntülər ekrana gəlib. Başda Ukrayna olmaqla, telekanalın bu addımı bir çox ölkə tərəfindən narazılıqla qarşılanıb.

Hadisələrin davamında MBC üzr istəmək məcburiyyətində qalıb. Telekanalın açıqlamasında qeyd olunub: "Bəzi ölkələri xarakterizə etmək üçün düzgün olmayan fotolardan və başlıqlardan istifadə edilib. Ukrayna da daxil olmaqla, həmin ölkələrdən və izləyicilərimizdən üzr istəyirik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest