Tokio Yay Olimpiya Oyunlarının üçüncü günündə - 26 iyulda toplam 6 idmançımız mübarizə aparacaq. Matc.az xəbər verir ki, Bakı vaxtı ilə saat 01:30-da triatlonda Rostislav Pevtsovun medallar uğrunda yarışı başlayacaq. Ardınca saat 04:55-də sablyaçı Anna Başta 1/16 final mübarizəsində ABŞ təmsilçisi Enn-Elizabet Stounla qarşılaşacaq. 

Stend atıcısı Emin Cəfərov dünən təsnifat mərhələsinin ilk üç raundunu tamamlamışdı. Toplam 71 xal toplayan 41 yaşlı idmançı 30 atıcı arasında 24-cü sırada qərarlaşıb. O, təsnifatın digər iki raundunu tamamlamalıdı. Emin saat 05:00-dən etibarən mübarizəsini davam etdirəcək.

26 iyulda Tokio-2020-də debüt edəcək atletlər sırasında bayraqdarlarımızdan olan Fəridə Əzizova (67 kq) da var. Taekvondoçumuz 05:30-da start götürəcək döyüşdə 1/4 finala vəsiqə uğrunda Peyc Makfersonla (ABŞ) qarşılaşacaq. Kişi taekvondoçuların mübarizəsində Milad Beidi Hərçiqani (80 kq) 1/8 final qarşılaşmasında çin Taybeyindən olan Liu Vey-tinqlə üz-üzə gələcək. Döyüşün startı saat 07:15-ə planlaşdırılır.

Kişi cüdoçuların 73 kq çəki dərəcəsində də medalçılar müəyyənləşəcək. Digər bayraqdarımız Rüstəm Orucov 1/16 finalda ROK-u (Rusiya Olimpiya Komitəsi) təmsil edən Musa Moquşkova rəqib olacaq. Qarşılaşmanın başlanğıc saatı digər döyüşlərdən asılı olaraq müəyyənləşdiriləcək. Cüdoda günün ilk sessiyası Bakı vaxtı ilə saat 06:00-09:30 aralığını əhatə edəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest