Cənubi koreyalı atıcı, 4 qat olimpiya çempionu çin Djon-o İran İslam İnqilabı Keşikçiləri Korpusunun üzvlərindən olan Cavad Foruqinin Yay Olimpiya Oyunlarında iştirakına icazə verdiklərinə görə Beynəlxalq Olimpiya Komitəsini (IOC) tənqid edib. Matc.az xəbər verir ki, çin Djon-o Foruqini terrorçu adlandırıb. 41 yaşlı atıcı "Korea Times"ə açıqlamasında qeyd edib: "Terrorçu biri necə Olimpiadanın qalibi ola bilər? Bundan absurd və gülməli bir şey ola bilməz".
 
İran idmançısı Cavad Foruqi Tokio-2020-də pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 244.8 xal toplayaraq yeni olimpiya rekordu müəyyənləşdirmiş və qızıl medal qazanmışdı. O, İran İslam İnqilabı Keşikçiləri Korpusunun üzvüdü və 2013-2015-ci illərdə həkim kimi Suriyada xidmət edib. Foruqi podiumda hərbi salam vermişdi. İslam İnqilabı Keşikçiləri Korpusu 2019-cu ildə ABŞ tərəfindən terror təşkilatı elan edilib.
 
2018-ci ildə hökumət əleyhinə etirazlar zamanı bir mühafizəçini öldürməkdə günahlandırılan və edam edilən güləşçi Navid Əfkarinin haqlarını qorumaq üçün yaradılan "United for Navid" kampaniya qrupu da məsələ ilə bağlı bəyanat yayıb. Onlar BOK-un etik komissiyasını məsələni araşdırmağa çağırıblar:
 
"İran atıcısı Cavad Foruqinin Olimpiadanın qızıl medalı ilə mükafatlandırılmasını təkcə İran idmanı üçün deyil, həm də beynəlxalq ictimaiyyət və xüsusilə də Beynəlxalq Olimpiya Komitəsinin nüfuzu üçün fəlakət hesab edirik. 41 yaşlı Foruqi uzun müddətdi terror təşkilatının üzvüdü.
İslam İnqilabı Keşikçiləri Korpusunun tarixçəsinə nəzər saldıqda təkcə İran xalqını və ölkədəki etirazçıları deyil, həmçinin Suriya, İraq və Livandakı günahsız insanları da zorakılıqla öldürdüklərinin şahidi ola bilərsiniz. ABŞ onları beynəlxalq terror təşkilatı elan edib. BOK tərəfindən dərhal araşdırma aparılmasını və araşdırma tamamlanana qədər Foruqinin medaldan məhrum edilməsini tələb edirik".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest