"Medal qazanmağı kim istəməz? Zaman keçir. O medalın boynunda olmağını istəyirsən. Bu, hər bir idmançının arzusudur"

"Uğursuzluğun səbəbini özüm də bilmirəm. Açığı, federasiya idmançılar üçün hər bir şəraiti yaratmışdı. Təlim-məşq toplanışı keçmişik, verilən bütün tapşırıqları yerinə yetirmişik. Niyə belə olduğunu başa düşmürəm". Matc.az xəbər verir ki,  bu fikirləri  Azərbaycan cüdoçusu Orxan Səfərov (66 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarındakı uğursuzluğu barədə danışarkən deyib.
 
Olimpiadadakı ilk görüşündə qazaxıstanlı Yerlan Serikjanova uduzaraq, mübarizəni dayandıran Avropa çempionu məğlubiyyətin arxayınlıqla bağlı olmadığını bildirib: "Pandemiya haradasa səbəb ola bilər. Amma arxayınlıq yox idi. Olimpiya oyunlarında ilk dəfə iştirak etmirik. Hara yollandığımızı bilirdik".
 
Səfərovun sözlərinə görə, medalsız qaldığı üçün məyus olsa da, özünü günahkar hiss etmir: "Medal qazanmağı kim istəməz? Zaman keçir. O medalın boynunda olmağını istəyirsən. Bu, hər bir idmançının arzusudur. Zədələr, ağır məşqlər, 5 il ərzində keçdiyimiz əziyyət olimpiada üçündür. Uduzmaq mənə çox pis təsir etdi. Çəkdiyim əziyyətə heyfim gəlir. Amma heç bir halda özümü günahkar hiss etmirəm. Ola bilər, müəyyən səhvlərə yol vermişəm. Amma günahın hamısı məndə ola bilməz".
 
30 yaşlı cüdoçu hələlik federasiya rəhbərliyi ilə uğursuzluğu müzakirə etmədiklərini söyləyib: "Sadıq müəllimlə hər gün burada görüşürük. Amma nəticələrlə bağlı hələ heç nə deyilməyib".
 
Səfərov olimpiadaya onunla eyni çəkidə çıxış edən Nicat Şıxəlizadənin yox, özünün qatılmasının səbəbini də açıqlayıb: "Reytinqdə Nicatı qabaqladığım üçün məni seçdilər. Kim öndə olacaqdısa, o gedəcəkdi. Sonuncu reytinq yarışı dünya çempionatı idi. Mən orada 5-ci oldum, Nicat isə birinci görüşdə uduzdu. O, Tokioya mənə sparrinq rəqib kimi gətirilmişdi" (Report.az).
 
Qeyd edək ki, Azərbaycan Tokio olimpiadasında 9 cüdoçu ilə təmsil olunub. Onlardan yalnız biri - İrina Kindzerska (+78 kq) bürünc medal qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest