Tokio Yay Olimpiya Oyunlarının 9-cu günündə - 1 avqustda üç idmançımız medallar uğrunda yarışacaq. Matc.az xəbər verir ki, Ruslan Lunyov 25 m məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışlarında mübarizə aparacaq. Təsnifat mərhələsi Bakı vaxtı ilə saat 03:30-da start götürəcək. Final etapına vəsiqə qazanmaq üçün Lunyov ilk "altılıq"da yer almalıdı. Daha öncə 32 yaşlı idmançımız 10 m məsafəyə pnevmatik tapançadan atəşaçmada finala yüksələ bilməmişdi. 
 
Anna Skidan çəkic atma üzrə təsnifat mərhələsində qüvvəsini sınayacaq. Etapın başlanğıcı Bakı vaxtı ilə saat 04:10-a təyin edilib. 73.50 m-lik göstərici final üçün kvalifikasiya standartı sayılır. Reqlamentə görə, ən yaxşı nəticə göstərən 12 atletin finala çıxmaq şansı olacaq. 
 
Avqustun 1-də boksçumuz Alfonso Dominqes (+91 kq) yarımfinal döyüşünü keçirəcək. Onun rəqibi Rio-2016-nın qızıl medalçısı Arlen Lopes (Kuba) olacaq. Döyüşün startı bizim vaxtla saat 13:51-ə planlaşdırılıb. 
 
Qeyd edək ki, 1/8 finalda Dilşod Ruzmetovu (özbəkistan), 1/4 finalda isə Bayram Malkanı (Türkiyə) məğlub edən Dominqes ən pis ehtimalla bürünc medalı özünə təmin edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest