çempionlar Liqasında bir mərhələ keçdikdən sonra "Olimpiakos"a məğlub olan "Neftçi" üçün Avropa Liqası macərası start götürdü. Azərbaycan çempionu özü kimi, ölkəsinin çempionu olan HİK-lə qarşılaşırdı.

Transferlərdə əziyyət çəkən "flaqman" Finlandiya təmsilçisi ilə görüşə də yeni oyunçu sifariş vermədən çıxdı. Bu, Tbilisi "Dinamo"su və "Olimpiakos"la qarşılaşmalarda olduğu kimi, bakılıların yenə heyət sarıdan korluq çəkməsinə səbəb oldu.

Müdafiəçi Mert çelik və əsas qol ümidi Namiq Ələskərovun xidmətindən məhrum olan "ağ-qaralar"ın baş məşqçisi Samir Abasova "11-liy"i düzəltmək yenə asan olmadı. çıxılmaz vəziyyətdə olan komandada ehtiyat hücumçu Mirabdulla Abbasov da ilk dəqiqələrdən mübarizə aparacaq dərəcədə hazır deyildi. Bu da start heyətində ciddi yerdəyişməyə yol açmışdı. ötən matçda müdafiənin solunda yer alan yeni transfer Romain Bask bu dəfə üçlü mərkəz müdafiədə çıxış etməli idi. 5-3-2 taktiki sxemində Yusuf Laval sol cinahı - öz mövqeyini tutmuşdu. Ondan fərqli olaraq, dayaq yarımmüdafiəçisi Mamadu Kane müdafiənin sağına çəkilmişdi. Qvineyalının öhdəliyi bununla bitmirdi. çünki Kane müdafiə olunmaqla bərabər cinahdan hücuma da dəstək verməli idi.

Onun orta xətdəki boşluğunu isə yayda "Sumqayıt"dan alınan Xəyal Nəcəfov doldurmalı idi. Təbii ki, kapitan Emin Mahmudovun dəstəyi ilə. Pleymeykerlik işi Sabir Buqrinə həvalə edilmişdi. Hücumçusuz "Neftçi" matça 2 hücumçu ilə çıxmışdı – Harramiz Soareş və Sezar Meza Kolli. Axı hər ikisinin əsl mövqeyi irəlidə durmaq deyil. Hər ikisi növbə ilə geri çəkilərək, yarımmüdafiəyə də kömək edirdi.

Bu yerdəyişmələr komandanın çıxışına təsir göstərməyə bilməzdi. Futbolçular ilk dəqiqələrdən meydanda yer seçməkdə, bir-birini tamamlamaqda çətinlik çəkirdi. Startdakı qol buraxma təhlükəsi sovuşduqdan sonra təmsilçimiz nəzarəti qismən ələ götürdü. Ancaq topu hücuma daşımaqla bağlı problemlər açıq-aşkar görünürdü. Doğrudu, Sezar-Harramiz tandemi irəlidə yaxşı anlaşırdı. Problem müdafiənin dərinliyində onları topla təmin etmək idi. HİK-in futbolçuları isə səfər meydanında olsa da, daha rahat nəzərə çarpırdılar. İstər topla rəftarda, istərsə də diaqonal ötürmələrdə müdafiəçilərimizə çətin anlar yaşadırdılar. Finlandiyalılar əsas ağırlığı cinahlara qoymuşdu ki, bu da Lavalla Kanenin irəli çıxmasına mane olurdu.

19-cu dəqiqədə Samir Abasov planda olmayan əvəzləmə etdi. Onsuz da ehtiyat qapıçı səviyyəsində olan Aqil Məmmədovun zədələnməsi qapı xətti ilə bağlı narahatlığı birə-beş artırdı. Hər halda, gənc Kamran İbrahimovun bu yükün altından qalxıb-qalxmaması böyük sual doğururdu. 22 yaşlı qapıçının az sonra cərimə zərbəsindən vurulan topa əla reaksiya göstərməsi özünəinam baxımından önəmli oldu.

Etiraf edək ki, hissənin ortalarından meydanda ağalıq edən tərəf qonaqlar idi. Topu istədikləri kimi çevirir, müdafiədə boşluqlar axtarırdılar. "Neftçi" futbolçuları isə sanki mövsümün sonları imiş kimi yorğun görünürdülər. "İki nömrə"dən oynayan "ağ-qaralar" ümidlərini əks-hücuma bağlamışdılar. Bir epizodda rəqibi məhz əks-hücumda tutan komandamız Xəyalın ifasında yaxın məsafədən qol şansını qaçırdı. Az sonra isə Voyislav Stankoviç heç kimin mane olmadığı halda başla tora düşə bilmədi.

İkinci hissəyə komandamız daha inamlı başladı. Birinci yarıda meydanda ağır görünən "Neftçi" fasilədən sonra daha hərəkətli idi. Sürətli futbol təklifini qonaqlar da qəbul elədi. çünki bu vəziyyət qonaqlara da sürətli əks-hücumlar yaratmaq imkanı verdi. Hər iki komanda rəqibin boşluqlarından yararlanmağa çalışırdı. Artıq qapılar qarşısında tez-tez təhlükəli anlar yaranırdı. Əsasən də bakılılar bir neçə epizodda azarkeşləri həyəcanlandırdı. Əlbəttə, bu cür oyun riskli idi. Axı fiziki cəhətdən daha yaxşı olan HİK "Neftçi" ilə müqayisədə sürətli tempə hazır idi. 59-cu dəqiqədə Xəyal-Sezar-Sabir-Harramiz təktoxunuşlu ötürmələrini Buqrin uzaq məsafədən mükəmməl qolla tamamlayaraq, azarkeşləri ayağa qaldırdı. Amma azarkeşlər yerlərinə oturmamış hesab bərabərləşdi. Kanenin yanlış ötürməsindən sonra helsinkililər bir dəfə mərkəzdən hücuma keçdilər, onda da müdafiə xəttində yaranan ani çaşqınlıq qola səbəb oldu. Azərbaycan çempionu özünə gəlməmiş ikinci qolu buraxdı. Bu dəfə də rəqibin fərqlənməsində öz müdafiəçilərimizin xüsusi "əməyi" oldu.

Yalnız hesabda geri düşəndən sonra rəqib üzərində təzyiqi artıran "Neftçi"nin aramsız həmlələri 80-ci dəqiqədə bəhrəsini verdi. Mahmudovun cərimə zərbəsindən qolu çempionumuzun evdə məğlubiyyətinin önünü kəsdi. Son dəqiqələrdə fiziki cəhətdən çatdırmayan "Neftçi" futbolçuları qələbə topu üçün yox, hesabı qorumağa oynadılar.

"Ağ-qaralar" evdə oynamasına baxmayaraq, ən azı geri düşdüyü matçda uduzmadığı üçün sevinə bilər. Amma qarşılaşma onu göstərdi ki, Finlandiyada rəqib belə oynamayacaq. Birincisi, HİK-in fiziki gücü daha çoxdu. İkincisi isə "Neftçi" öyrəşmədiyi süni örtüklü meydanda oynayacaq. Görünən odu ki, Azərbaycan çempionu mərhələ adlamaq üçün səfərdə işi 90 dəqiqədə bitirməlidi. Bərabərlik təqdirində komandanın 120 dəqiqəlik mübarizəyə gücü çatarmı? Hər halda, HİK buna daha hazır göründü...

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest