"BOK Reyvenə və onun ailəsinə başsağlığı verir. Mövcud şərtlər nəzərə alınmaqla, proses hələlik tamamilə dayandırılıb"

Tokio-2020-də qadınların nüvə itələmə yarışında gümüş medal qazanan Reyven Sonders (ABŞ) mükafatlandırma mərasimi zamanı əllərini başının arxasına aparmış və "X" işarəsi göstərmişdi. 25 yaşlı atlet hərəkətini belə izah etmişdi: "Bu, əzilən, haqları tapdalanan insanların bir araya gəldiyi nöqtədi".

Lakin daha öncədən də bəlli olduğu kimi, Tokio-2020-də belə hallara qadağa qoyulmuş, idmançıların cəzalandırılacağı bildirilmişdi. Nəticədə Beynəlxalq Olimpiya Komitəsi (BOK) məsələ ilə bağlı araşdırmaya başlamışdı.

Matc.az xəbər verir ki, BOK araşdırmanı dayandırıb. Buna Sondersin anasının ölümü səbəb olub. BOK-un kommunikasiya direktoru bu barədə danışarkən qeyd edib ki, Reyven Sondersin anasının ölümü ilə bağlı çox kədərli xəbər alıblar: "BOK Reyvenə və onun ailəsinə başsağlığı verir. Mövcud şərtlər nəzərə alınmaqla, proses hələlik tamamilə dayandırılıb".

Qeyd edək ki, amerikalı atlet tez-tez qaradərililər, LGBT icmasının üzvləri və mental sağlamlığı ilə bağlı problemlərlə üzləşən insanların müdafiəsi ilə bağlı çağırışlar edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest