Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Matc.az xəbər verir ki, 28 yaşlı karateçi Firdovsi Fərzəliyev (67 kq) ilk görüşündə Eray Şamdana (Türkiyə) 1:7 hesabı ilə uduzub.

Fərzəliyevin növbəti rəqibi Naoto Saqo (Yaponiya) olub. Firdovsi yuko ilə yaponiyalı idmançıya qalib gələrək, aktivinə ilk qələbəsini yazdırıb.

Təmsilçimiz üçüncü görüşünü Darxan Asadilova (Qazaxıstan) qarşı keçirib. Qazaxıstanlı karateçi 6:2 hesabı ilə qələbə qazanıb. Aktivində 1 qələbə, 2 məğlubiyyət olan Firdovsi hazırda qrupda dördüncü sırada qərarlaşıb. 

Fərzəliyevin qrupdakı son döyüşündə Əli El-Savi (Misir) ilə üz-üzə gəlib. Misir idmançısı 1:0 hesablı qalibiyyətə sevinib. Keçirdiyi dörd görüşün üçündə məğlub olan Firdovsi A qrupunun sonuncu pilləsində qərarlaşıb. Beləliklə, daha bir idmançımızın Tokio-2020 ilə vidalaşması dəqiqləşib.

Qrupu ilk iki sırada bitirməyi bacaran idmançılar yarımfinala vəsiqə qazanacaqlar. Yarımfinal mərhələsi Bakı vaxtı ilə saat 15:05-də start götürməlidi. Final görüşü isə saat 15:40-a təyin olunub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest