Tokio Yay Olimpiya Oyunlarının 15-ci günündə - 7 avqustda bədii gimnastika üzrə qrup komandamız finala vəsiqə, fərdi növlərdəki dörd idmançımız isə medallar uğrunda mübarizə aparacaq. Matc.az xəbər verir ki, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Nərminə Səmədova və Darya Sorokinadan ibarət bədii gimnastika üzrə komandamız bu gün qrup yarışlarının təsnifat mərhələsində iştirak edəcək. Təsnifatın ilk etapı Bakı vaxtı ilə saat 05:00-də, ikinci etapı isə 06:30-da start götürəcək. İlk "səkkizliy"ə düşməyi bacaran komandalar finala vəsiqə qazanacaqlar.

Qadın karateçimiz İrina Zaretska (+61 kq) kumitedə qızıl medala iddialıdı. 25 yaşlı idmançı A qrupunda yarışacaq. Zaretskanın görüşlərinin qrafiki belədir:

A qrupu

09:28. İrina Zaretska (Azərbaycan) - Ayumi Uekusa (Yaponiya)

10:03. İrina Zaretska (Azərbaycan) - Silviya Semeraro (İtaliya)

10:24. İrina Zaretska (Azərbaycan) - Sofya Berultseva (Qazaxıstan)

10:59. İrina Zaretska (Azərbaycan) - Meltem Hocaoğlu (Türkiyə)

Qruplarını ilk iki sırada bitirməyi bacaran karateçilər yarımfinala vəsiqə qazanmaqla yanaşı, minimum bürünc medalı özlərinə təmin edəcəklər.

97 kq çəki dərəcəsində sərbəst güləşçimiz Şərif Şərifov Bakı vaxtı ilə saat 13:45-də ilk təsəlliverici görüşünü keçirəcək. Onun rəqibi Elizbar Odikadze (Gürcüstan) olacaq. Şərif 1/8 finalda Abdulrəşid Sadulayeva (Rusiya Olimpiya Komitəsi) uduzmuşdu. Sadulayev finala kimi irəlilədiyindən, Şərifovun bürünc mükafatçı olmaq şansı yaranıb.

Azərbaycan bu gün Tokio-2020-də ilk qızıl medalını qazana bilər. Bunun üçün sərbəst güləşçimiz Hacı Əliyev (65 kq) Takuto Otoquronu (Yaponiya) məğlub etməlidi. Final qarşılaşması Bakı vaxtı ilə saat 14:50-yə təyin edilib.

Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə bürünc medal uğrunda görüşə çıxacaq. Onun rəqibi Tsoqt-Oçirın Namuuntsetseq (Monqolustan) - Lusiya Yamilet Yepes Qusman (Ekvador) qarşılaşmasının qalibi olacaq. Hər şey planlaşdırıldığı qaydada getsə, Mariyanın görüşü Bakı vaxtı ilə saat 15:55-də start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest