İspaniyanın "Elçe" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi İngiltərənin "Lids" klubundan qapıçı Kiko Kasilyanı transfer edib.
 
Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 34 yaşlı ispan qolkiper qarşıdakı mövsümün sonuna kimi icarəyə götürülüb.
 
Vaxtilə İspaniya yığmasında da oynamış Kiko Kasilya, Madrid "Real"ının yetirməsidir. O, karyerası ərzində "Espanyol", "Kadis", "Kartaxena" kimi klubların da formasını geyinib. 2015-ci ildə yenidən "Real"a qayıdan, 2019-cu ilə qədər Madrid təmsilçisində çıxış edən futbolçu, elə bu klubdan ayrılandan bəri "Lids"in uğurları üçün çalışırdı.
 
"Elçe" "Betis"in sağ cinah müdafiəçisi Antonio Barraqanı da transfer edib. 34 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. İspan müdafiəçi əvvəllər "Deportivo", "Valyadolid", "Valensiya", "Midlsbro" kimi klublarda da forma geyinib.
 
La Liqa təmsilçisi bu ilin əvvəlində "Jirona"dan icarəyə götürüyü sol cinah müdafiəçisi Yohan Moxikanın da transfer hüquqlarını alıb. Kolumbiya yığmasının da üzvü olan 28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Müdafiəçi əvvəllər "Akademiya", "Lyanores", "Deportivo Kali", "Rayo Valyekano", "Valyadolid", "Atalanta" kimi klublarda da çıxış edib.
 
"Elçe"nin kapitanı Qonsalo Verdu ilə də yeni müqavilə imzalanıb. 32 yaşlı futbolçu yeni sözləşməyə əsasən, 2023-cü ilin yayına kimi bu komandanın formasını geyinməyə davam edəcək. Təcrübəli mərkəz müdafiəçisi 2017-ci ildən "Elçe"də forma geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest