Cari mövsümü təkcə klub, futbolçu, baş məşqçilər üçün deyil, hakimlər üçün də uğursuz saymaq olar. Klubların səviyyəsi get-gedə aşağı düşür, nəsil dəyişdikcə daha zəif futbolçular üzə çıxır, 8 komandalı çempionatda baş məşqçilər yerdəyişmələrlə məşğul olurlar.

Hakimlərin isə belə rəqabətsiz mühitdə "artırmaması" normaldı. Xaqani Məmmədovun sədrliyi dönəmində yaxşı maliyyə, xarici ölkələrdə təlim-məşq toplanışları təşkil edilir, hakimlərə güldən ağır söz deyən olmurdu. Bunun fonunda illərdi çempionatımız hakim çatışmazlığından əziyyət çəkir. Rəqabətsizlik, bacarıqsız sədr və zəif çempionatın fonunda Əliyar Ağayev kimi referinin üzə çıxması əslində möcüzədi.

Xaqani Məmmədovu mövsümün gedişində əvəz edən Fritz Ştuxlikin dönəmində də hakim səhvlərinin sayı az olmadı. Ancaq buna görə, avstriyalını qınamaq doğru olmaz. çünki o, hələ heç kimi tanımır, vəziyyətlə tanış olub, öz müşahidələrini aparırdı.

Artıq çempionatda fasilə yarandığından, hakimlər təlim-məşq toplanışına yığışıb. Məhz bu hazırlıq Ştuxlikin əlindəki "material"ın möhkəmliyini, çatışmazlıqlarını görmək baxımından çox önəmlidi. Hakimlərimin toplanışı üçün Mingəçevirin seçilməsi isə birmənalı qarşılanmadı. çünki ictimaiyyət hər fasilədə klublar kimi, referilərin də ölkə xaricinə getməsinə öyrəşib. Ancaq hadisələrin gedişi Mingəçevir variantının üzərində dayananların haqlı olduğunu üzə çıxarır. Doğrudu, referilərimiz bu müddətdə yoxlama görüşlərində idarəçilik edə bilməyəcəklər. Amma fikrimcə, bunun elə bir önəmi yoxdu. Guya Antalya toplanışı zamanı Azərbaycan çempionatından yüksək səviyyəli oyunlara təyinat alırdılar? Digər tərəfdən, hazırda qonşu ölkədə hava şəraitinin əlverişsiz olması da Mingəçeviri Antalya ilə müqayisədə daha ideal varianta çevirib.

Referilərimizin oyun idarə etməməklərini həm mənfi, həm də müsbət hal kimi dəyərləndirmək olar. Mingəçevir ideyasını bəyənməyənlər oyun praktikasının azalacağını əsas gətirir. Ancaq etiraf edək ki, indi hakimlərimizin oyun praktikasından çox, fiziki, psixoloji cəhətdən hazırlıqlı olmaları, yeni "Oyun qaydaları"nı mükəmməl mənimsəmələri daha vacibdi. UEFA Hakimlər Komitəsinin üzvü Kiros Vassarasın da toplantıda iştirakı AFFA rəhbərliyinin və Ştuxlikin gənc hakimlərimizin inkişafına nə dərəcədə önəm verdiyini bir daha təsdiqləyir.

Hər gün keçirilən fiziki hazırlıq üzrə məşqlərlə yanaşı, nəzəri məşğələlər gənclərə "Oyun qaydaları"nı düzgün çatdırmaq imkanı verir. Məşğələlərdə videoçəkilişlərin aparılıb, sonra hakimlərlə təhlil edilməsi müasir tələblərdən biridi. Assosiasiyanın regionlardakı hakimlərin yetişdirilməsi üzərində çalışmaları da təqdirəlayiqdi. Təsadüfi deyil ki, artıq 12 gənc referi sınaqlardan uğurla keçib. Hakim çatışmazlığından əziyyət çəkildiyi bir dönəmdə bu, çox yaxşı haldı.

Etiraf edək ki, əksər məşqçi və xüsusən də, futbolçularımızın oyun qaydalarından tam anlayışları yoxdu. Bu da matçlar zamanı yersiz narazılıqlarla, bəzi hakim qərarlarına təəccüb dolu baxışlarla özünü göstərir. Bu mənada klublarla işbirliyi də oyunlar zamanı hər iki tərəfin işinə yaraya bilər.

Xaqani Məmmədovun ən böyük nöqsanı UEFA ilə düzgün iş qurmamağı, daim əlaqədə olmaması idi. Ancaq indi Ştuxlik amili və Kiros Vassarasın uzunmüddətli ölkəmizdə olması bu boşluğun doldurulmasına səbəb ola bilər. Etiraf edək ki, hər yerdə olduğu kimi, UEFA-nın özündə də xətir-hörmət, münasibət az rol oynamır. Məhz münasibətin sıxlaşması Əliyar Ağayevin Avropa Liqasının pley-off mərhələsinə təyin olunmasına, həmçinin çox keçmədən Elit-raunda yüksəlməsinə yol aça bilər.

Digər vacib məqam ondan ibarətdi ki, artıq hakimləri bir otağa yığıb "sən filan oyuna gedirsən" deməyəcəklər. Təyinatlar onlara elektron poçt vasitəsilə göndəriləcək. Görünür, UEFA və FİFA-da çalışmış Ştuxlikin təcrübəsi hələ çox yenilikləri (bizim üçün) ortaya çıxaracaq.

Hər halda, avstriyalının əsas işinə gələn mövsümdən qiymət vermək daha doğru olar. çünki cari mövsümün qalan hissəsində ən yaxşı halda 1-2 yeni hakim üzə çıxarmaq mümkündü. Ancaq növbəti mövsümdən hakim çatışmazlığı aradan qaldırılmalı, səhvlərin sayı minimuma endirilməlidi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest