Avrokuboklarda pley-off mərhələsinin ilk görüşlərindən sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb. Matc.az xəbər verir ki, Azərbaycan bu həftəni 0.375 xalla başa vurub.
 
Həmin xallardan 0.250-ni "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Şotlandiya "Aberdin"i üzərində 1:0 hesablı qələbə sayəsində əldə edib. 0.125 xalı isə "Neftçi" İsrailin "Makkabi" (Hayfa) komandası ilə 3:3 hesablı heç-heçədən sonra qazanıb.
 
Bununla da cari mövsümdə Azərbaycanın xal sayı 1.875-ə çatıb. Son 5 mövsümün nəticələrinə əsasən ölkəmizin hesabında bütövlükdə 14.500 reytinq xalı var. Azərbaycan bu göstərici ilə Sloveniyayla birgə 29-30-cu pillələri bölüşürlər. 31-ci pillədəki Slovakiya 14.000 xala malikdir. Xalını 14.625-ə çatdıran Polşa isə 28-ci pilləyə yüksəlib.
 
Qeyd edək ki, "Qarabağ"la "Neftçi" bu rəqibləri ilə cavab görüşlərini avqustun 26-da səfərdə keçirəcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest