Hazırda Antalyada təlim-məşq toplanışında olan Topaz Premyer Liqasının klubları digər tərəfdən heyətlərini gücləndirməklə məşğuldular. Bununla yanaşı, "təmizləmə işləri" də sürətlə aparılır.

Təsadüfi deyil ki, 8 klub ümumilikdə artıq 28 oyunçu ilə yollarını ayırıb. Hər transfer dönəmində edilən köklü islahatlar əksər transferlərin də uğursuzluqla nəticələnməsinə səbəb olur. Bəzi komandalar var ki, ötən yay aldıqları oyunçuları 6 ay keçməmiş yola salıblar. İlk yarıdan sonra Azərbaycan təmsilçilərinin qapını göstərdiyi futbolçulardan 6-sı əcnəbidi. Maraqlıdı ki, onlar arasında da mövsümün əvvəlində gələnlər çoxluq təşkil edir.

Mövsümün ilk iki dövrəsinə nəzər yetirdikdə klublarımızın yay transferlərinin heç də uğurlu olmadığını görərik. Xüsusən də, ölkəmizə gələn əcnəbilərin əksəriyyətinin ümidləri doğrultmadığını söyləmək olar. Hətta əcnəbilərin təşkil etdiyi uğursuz yay transferlərindən ibarət "18-lik" də düzəltmək olar. Futbolçuların mövqeləri baxımından start heyətini 3-4-3 kimi qurmaq mümkündü.

Qapıçı:

"Qarabağ"ın yay fasiləsində gətirdiyi iki əcnəbi qapıçıdan heç biri İbrahim Şehiçin yerini doldura bilmədi. Nə Hannes Halldorsson, nə də Vaqner da Silva "1 nömrə"yə çevrildi. Xüsusən də, dünya çempionatındakı çıxışdan və Lionel Messinin penaltisini dəf etdikdən sonra rəğbət qazanan Halldorssondan çox şey gözlənilirdi. Lakin islandiyalı nə çempionatda, nə də avrokubokda tələblərə cavab verdi.

Müdafiəçilər:

"Neftçi"də Ruslan Abışovun zədələnməsi Slavko Braliçin önündə yaşıl işıq yandırdı. Ancaq xorvatiyalı çempionluğa oynayan komandaya layiq olmadığını göstərdi. Sadəcə, Roberto Bordin məcburiyyətdən onu oynadırdı. Yaxşı oyunçu olsaydı, əvəzedici heyətə göndərilməz və transferə çıxarılmazdı.

ötən mövsüm "Kəpəz"də pis təsir bağışlamayan İqor Korotetski "Səbail"də bu çıxışını davam etdirə bilmədi. İlk yarıda cəmi 5 oyunda meydana çıxması nə dərəcədə önəmsiz transfer olduğunu göstərdi.

Adrian Skarlatake isə Premyer Liqada "Keşlə"də 1 oyun keçirdikdən sonra gözlənilmədən "Zirə"nin yolunu tutdu. Zədələr və digər səbəblər rumıniyalının cəmi 6 görüşdə iştirak etməsinə səbəb oldu. Fakt odu ki, 6 oyun çox azdı və indiki durumda onu uğurlu transfer saymaq olmaz.

Yarımmüdafiəçilər:

"Neftçi"nin digər xorvatiyalısı Qoran Paratski əksər oyunlarda iştirak etsə də, bu, oynamaq xatirinə oynamaqdan başqa bir şey deyildi. Kasad heyət Bordini ona da bu qədər şans verməyə vadar etdi. Bakılılar normal orta sahə oyunçusu tapan kimi, Paratskini yola salacaq. ötən yay Kiprdən "Səbail"ə gələn Edqar Paçeko ümidləri doğrultmadığı üçün 6 ay keçməmiş vətəni Meksikaya göndərildi.

Georgios Georgiadis "Keşlə"nin uğursuz yay transferlərindən biri oldu. Hər halda, 7 görüşdə iştirak hansısa əcnəbi üçün başucalığı deyil. Təsadüfi deyil ki, Tərlan Əhmədov artıq ona "əlvida" deyib.

Con Delarj da ölkəmizdə özünü göstərə bilməyən əcnəbilərdən oldu. Cinah yarımmüdafiəçisi nə sol, nə də sağda özünə yer tapa bildi. Nəticədə "Qarabağ"da ilk yarını ehtiyat qüvvə kimi keçirdi.

Hücumçular:

"Neftçi"nin Qətərdən bəh-bəhlə gətirdiyi Kvame Karikari yerli hücumçu Mirabdulla Abbasovun kölgəsində qaldı. Qanalı forvard hazırda ərəb ölkələrində özünə klub axtarmaqla məşğuldu.

"Neftçi"nin sabiq hücumçusu Bahodir Nasimov "Keşlə" üçün ölkəmizə qayıtsa da, əvvəlki formasından əsər-əlamət qalmayıb. Nəticədə ikinci gəlişi uzun sürmədi və yola salındı.

"Keşlə"nin mövsümün əvvəlində "Samsunspor"dan aldığı Conatan Ayite isə cəmi 6 çempionat matçında iştirak edib və hələ də qol hesabını aça bilməyib.

Əcnəbilərin uğursuz yay transferlərindən ibarət "11-liy"i

Qapıçı: Hannes Halldorsson ("Qarabağ")

Müdafiəçilər: Slavko Braliç ("Neftçi"), İqor Korotetski ("Səbail"), Adrian Skarlatake ("Zirə")

Yarımmüdafiəçilər: Qoran Paratski ("Neftçi"), Edqar Paçeko ("Səbail"), Georgios Georgiadis ("Keşlə"), Con Delarj ("Qarabağ")

Hücumçular: Kvame Karikari ("Neftçi"), Bahodir Nasimov ("Keşlə"), Conatan Ayite ("Keşlə")

Ehtiyat oyunçular: Vaqner da Silva ("Qarabağ"), Miloş Radivoyeviç ("Zirə"), Diallo Quydileye ("Keşlə"), Miloş Boşançiç ("Sabah"), Bilal Həmdi ("Zirə"), İnnosent Emeqara ("Qarabağ"), Atilla Yıldırım ("Sumqayıt").

P. S. Hansısa futbolçunun bu siyahıya salınması ilə razılaşmaya bilərsiniz. Bu, mənim subyektiv fikrimdi.

Ruslan SADIQOV

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest