Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda baş tutan "Qarabağ"la ilk oyunda zədələnən Şotlandiyanın "Aberdin" komandasının müdafiəçisi Endryu Konsidaynın durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, matçın 13-cü dəqiqəsində dizindən ciddi xəsarət alan və Conni Heyslə əvəzlənən 34 yaşlı futbolçu ili vaxtından əvvəl başa vurub.
 
"Aberdin"nin baş məşqçisi Stiven Qlass Konsidaynın durumu haqqında danışıb. O, müdafiəçinin Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyündəki problem üzündən sıradan çıxdığını bildirib:
 
"Onun hələ də ayağı ağrıyır. Futbolçunun son durumu növbəti həftə qiymətləndiriləcək. Amma çox da yaxşı görünmür. 600-ə yaxın oyun keçirmiş və karyerası ərzində belə halla üzləşməyən şəxsdən bəhs edirik. Meydanın rüsvayçılıqdan ibarət olduğu həqiqətdir və düşünürəm ki, onların xalqı da bununla razılaşar".
 
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş ilk qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab matçı avqustun 26-da Şotlandiyada baş tutacaq.
 
Yeri gəlmişkən, bu komandalar arasındakı cavab oyununa Şotlandiyada böyük maraq var. 22 min nəfərlik azarkeş tutumuna malik "Pittodri" stadionunda oynanılacaq qarşılaşma üçün 10 mindən artıq bilet satılıb. Satışa ümumilikdə 18 min bilet çıxarılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest