Dünən İtaliya Superkubokunun qalibi müəyyənləşdi. Matç.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən qarşılaşmada "Milan"ı 1:0 hesabı ilə məğlub edən "Yuventus" bu titulunu Kriştianu Ronaldonun qolu sayəsində əldə etdi.

Rusiyalı həmkarlarımız qarşılaşma barədə geniş yazı hazırlayıb. Superkubok barədə maraqlı qeydlərdən biri də odu ki, oyun ətrafında yaşananlar görüşün qəhrəmanı olan portuqaliyalını kölgədə qoyub.

Böyük tənqid

"Yuventus"la "Milan" arasında görüş İtaliya futbolunun rəhbərliyinin sərt tənqid olunmasına səbəb olub. Bu tənqidlər oyun günü də səngiməyib. Hətta matçın keçirilmə yeri barədə daha çox danışılıb, nəinki Kriştianu Ronaldo haqda. Bu isə yer seçiminin portuqaliyalını da kölgədə qoyması deməkdi.

Qəddafinin dəvəti

İlk dəfə 1989-cu ildə keçirilən İtaliya kubokunun 30 yaşı var. Bu müddətdə matç 9 dəfə ölkə xaricində keçirilib. Qətər (2014, 2016), çin (2009, 2011, 2012, 2015), ABŞ (1993, 2003) Superkuboku qəbul edib. 2002-ci ildə hətta oyun Liviya paytaxtı Tripolidə, Muammer Qəddafinin şəxsi dəvəti ilə baş tutub. Liviya liderinin birmənalı qarşılanmamasına baxmayaraq, hətta həmin vaxtda da İtaliya futbol idarəçiləri Superkubok-2018-in yerinin seçimindəki qədər tənqid olunmayıb.

Jurnalistin qətli

ötən ilin iyununda elan olundu ki, çempion və kubokun qalibi "Yuventus"la kubokun finalçısı "Milan" arasında Superkubok oyunu 2019-cu ilin yanvarında Səudiyyə Ərəbistanında keçiriləcək. Payızda ərəb müxalifətçi jurnalist Camal Haşoqqi ölkəsinin İstanbuldakı səfirliyinin qarşısındakı dava-dalaş zamanı "təsadüfən öldürüləndən" sonra seçimlə bağlı suallar yarandı. 59 yaşlı Haşoqqi ölkəsinin hakimiyyətinin ən sərt tənqidçilərindən idi. O, xüsusilə varis şahzadə Muhammed İbn Salman əl Səudu tənqid edirdi. 3 həftə itkin hesab olunan jurnalistin oğurlanıb, qəddarlıqla qətlə yetirilməsi sonradan üzə çıxıb. ABŞ-ın xüsusi xidmətləri onun aradan götürülməsi əmrinin birbaşa şahzadə tərəfindən verildiyinə əmindi.

Buna görə də çoxlarına elə gəlirdi ki, iki İtaliya nəhənginin oynamaq üçün Ciddəyə - Məkkədən bir saatlıq məsafədə olan ölkənin ikinci böyük şəhərinə getməsi üçün ən yaxşı vaxt deyil.

Siqnal oğurluğu

Seriya A rəhbərliyinə Superkubokun yerinin dəyişdirilməsi ilə bağlı xahişlər çox olub. Müxtəlif hüquq müdafiəçiləri, ölkənin jurnalistlər ittifaqı, İtaliya futbolundakı oyunların yayımını alan ən böyük şirkətlərdən biri - Qətərdə yerləşən "beIN Media Group" da müraciət edənlər arasında yer alıb. Jurnalistlər ittifaqının bəyanatında sərtlik əks olunmuşdu: "Baş verənlərdən sonra oyunun Səudiyyə Ərəbistanında keçirilməsi absurd və qəbuledilməzdi".

özü də məsələ təkcə jurnalistin qətlində deyildi. "BeIN Media Group" iradları maliyyə əsaslarına da malik idi. Son illərdə Qətər bir neçə milyard dollar xərcləyərək böyük yarışların eksklüziv yayım hüququna yiyələnib. Bunun üçün bəzən yarışın bazar qiymətindən yüksək məbləğ ödənilib ki, ərəb dünyasında və ondan kənarda liderlik əldə olunsun. 2018-ci ilin mayında məlum olur ki, "beIN"in siqnalı "beoutQ" operatorları tərəfindən oğurlanır. Təxminən 200 min dollar xərcləyən Qətər şirkəti fırıldaqçıları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda aşkarlayır.

Qurumu ən çox narahat edən isə onların adına rişxənd olunmasıdı. "BeIN" "daxilində ol" anlamına gəlir ki, "piratlar"ın yaratdığı isə "beout" "kənarında ol" deməkdi. "Q" hərfi isə Qətər anlamına gəlir. Qətərlə Səudiyyə Ərəbistanı arasında beynəlxalq münasibətlərin çətin olması da durumu ağırlaşdırırdı.

Nazirdən qadınlara dəstək

Qərb hüquq müdafiəçiləri və əksər KİV-lər oyunun start fitinə qədər tənqidlərə ara vermirdi. Hər şeydən, jurnalistin qətlindən, qadınların hüquqlarından, siqnal oğurluğundan bəhs olunurdu. Hətta İtaliyanın daxili işlər naziri Matte Salvini də məsələyə sərt reaksiya verib: "üzücü və iyrəncdi ki, İtaliya Superkuboku qadınların yalnız kişilərin müşayiəti ilə stadiona girə biləcəkləri bir ölkədə keçirilir. Oyuna baxmayacam. Bizim İtaliyadakı qızlarımızın belə gələcəyi olmasını istəmirəm".

"Milan"ın köhnə azarkeşinin bu sözləri bütün dünyaya müxtəlif sitatlarla yayıldı. "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Superkubokun Səudiyyə Ərəbistanında keçirilməsi barədə suallara cavab verməkdən yəqin bezib. Əslində, onun dedikləri də tutarlı deyildi: "Mən siyasətçi deyiləm və olmaq da istəmirəm. Amma A seriyası müqavilə imzalayıb və biz oyunu keçirməliyik. Qadınlar stadiona gedə bilər. Bu irəli doğru kiçik addımdı və bizim səfərdə müsbət aspekt görünür. İtaliyanın Səudiyyə Ərəbistanı ilə iqtisadi əlaqələri var. Bizə oynayın deyilib və bunu da etməliyik".

Bütün bunlar İtaliya Futbol Federasiyasının ilkin qərarına təsir etmədi. KİV-in məlumatına görə, matçın Ciddədə keçirilməsi müqaviləsi ərəblərə 7 milyon avroya başa gəlib. Bunun 700 mini federasiyaya çatacaqsa, klublar hərəyə 3,15 milyon əldə etməlidi.

Matç baş tutdu. Kriştianu Ronaldo yeganə qolun müəllifi oldu. Səudiyyə Ərəbistanından olan azarkeşlər isə xoşbəxtdi.

 

www.sport-express.ru

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest