"Beşiktaş" yarımmüdafiəçisi Jermeyn Lens ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
 
Niderlanddan olan 33 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Türkiyə mətbuatının yazdığına görə, Lens karyerasını Super Liqanın digər təmsilçisi "Fatih Karagümrük"də davam etdirəcək. Amma onun yeni klubu hələ bu keçidi rəsmi olaraq açıqlamayıb.
 
Qeyd edək ki, Lens 2017-ci ildən "Beşiktaş"da oynayırdı. Təcrübəli vinger bu komandanın heyətində bütövlükdə 102 matça çıxıb, 12 qol vurub, 20 məhsuldar ötürmə ilə yadda qalıb.
 
"Beşiktaş" qapıçısı Utku Yuvakıranı da "Fatih Karagümrük"ə icarəyə verdiyini açıqlayıb. 23 yaşlı qolkiper 2021/22 mövsümünün sonuna qədər bu komandada çıxış edəcək. O, 2016-cı ildən "qara qartallar"ın uğurları üçün çalışır. 
 
Türkiyə çempionu heyətini gücləndirməyi də unutmur. Yerli mətbuatın iddiasına görə, İstanbul klubu ötən mövsüm icarəyə götürdüyü Madrid "Atletiko"sunun müdafiəçisi Fransisko Monteronu birdəfəlik transfer edib. İspaniyalı 22 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanacaq. Montero ötən mövsüm icarə əsasında oynadığı "Beşiktaş"da 17 oyuna çıxmışdı.
 
"Qara qartallar" Portuqaliyanın "Benfika" klubundan da Jedson Fernandesin keçidini həll edib. ötən mövsümün ikinci yarısını Super Liqanın digər təmsilçisi "Qalatasaray"da icarədə keçirmiş 22 yaşlı vingerin, "Beşiktaş"a da icarəyə verildiyi bildirilir. Portuqaliya millisinin üzvü ötən mövsümün ilk dövrəsini də "Tottenhem"də icarədə keçirib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest