Türkiyənin "Qalatasaray" klubu hücumçusu Radamel Falkao ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Kolumbiyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
Radamel Falkao 2019-cu ilin sentyabrından "Qalatasaray"da çıxış edirdi. O, İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 43 oyunda 20 qola imza atıb.
 
35 yaşlı hücumçu karyerasını İspaniyanın "Rayo Valyekano" klubunda davam etdirəcək.
 
"Qalatasaray" heyətini yeni futbolçu ilə də gücləndirib. İstanbul təmsilçisi İngiltərənin "Brentford" klubundan Halil Dərvişoğlunu icarəyə götürüb. Türkiyə millisinin də üzvü olan 21 yaşlı futbolçu satınalma şərti ilə 1 illik icarəyə götürülüb.
 
"Sarı qırmızılar" Dərvişoğlunu ötən mövsümün ikinci dövrəsində də icarəyə götürmüşdü. Türkiyəli hücumçu bu komandada meydana çıxdığı 12 matçda 3 qol vurmuşdu.
 
Halil Dərvişoğlu 2020-ci ildə yetirməsi olduğu Rotterdam "Sparta"asından "Brentford"a transfer olunub. Amma o, bu klubun əsas heyətində möhkəmlənə bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest