İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Miralem Pyaniç karyerasını "Beşiktaş"da davam etdirəcək. Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə 31 yaşlı futbolçunun transferi ilə bağlı "Barselona" ilə danışıqlara start verildiyi diqqətə çatdırılıb. Türkiyə mətbuatının yazdığına görə, "qara qartallar" yarımmüdafiəçini bir illik icarəyə götürəcəklər.
 
Bosniya və Herseqovina yığmasının da üzvü olan Pyaniç, millidə 100-dən çox oyun keçirib, 16 qol vurub. O, ötən il "Yuventus"dan "Barselona"ya transfer olunmuşdu. Təcrübəli yarımmüdafiəçi daha öncə "Roma", "Olimpik" (Lion) və "Mets" klublarında da forma geyinib.
 
Yeri gəlmişkən, "Beşiktaş" ötən mövsüm icarəyə götürdüyü Madrid "Atletiko"sunun müdafiəçisi Fransisko Monteronu da birdəfəlik transfer edib. Klubun rəsmi saytının yaydığı məlumata görə, ispaniyalı 22 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Montero ötən mövsüm icarə əsasında oynadığı "Beşiktaş"da 17 oyuna çıxmışdı. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest