"Məsələni yenidən müzakirəyə çıxarmağa ehtiyac yoxdur. Çünki artıq çempionat başlayıb. Bir daha deyirəm, çempionatdan əvvəl klublarla danışmışıq, onların rəylərini nəzərə almışıq. Şəxsi mövqeyim necədir?"

Avrokubok oyunlarında, eləcə də bir çox xarici çempionatlarda əvəzetmə sayı artırılaraq 5-ə çatdırılıb. Azərbaycan Premyer Liqasında isə əvvəlki kimi, hələ də 3 oyunçu dəyişikliyinə icazə verilir. İki-üç liqa var ki, əvəzetmə limiti dəyişilməyib, onlardan biri də bizim çempionatdı. 

PFL niyə görüş ərzində daha çox oyunçu dəyişikliyinə icazə vermir? Məsələyə aydınlıq gətirmək üçün qurumun prezidenti Ramin Musayevə müraciət etdik:
"Bizdə bu tip məsələlər səsvermə yolu ilə həll olunur. Bir komandanın istəyi ilə qərar qəbul edə bilmərik. çempionat ərəfəsində 8 komandanın hamısına müraciət olunub. Onlardan 6-sı 3 dəyişikliyin tərəfdarı olub. Ona görə də əvəzetmə limitini dəyişmədik və əvvəlki qərar qüvvədə qaldı. Ancaq Azərbaycan kubokunda əvəzetməni dəyişmişik, orda 4 dəyişikliyə icazə verilir". 

Musayev bu yöndə müzakirənin artıq qapandığını deyib: 
"Məsələni yenidən müzakirəyə çıxarmağa ehtiyac yoxdur. çünki artıq çempionat başlayıb. Bir daha deyirəm, çempionatdan əvvəl klublarla danışmışıq, onların rəylərini nəzərə almışıq. Şəxsi mövqeyim necədir? Bütün komandalar eyni gücə, eyni büdcəyə malik olsaydı, limiti artırmaq əks-effekt verməzdi. Ancaq gəlin reallığı nəzərə alaq, "Qarabağ" ehtiyat oyunçular skamyasında ürəyiniz istəyən qədər futbolçu var. Eləcə də "Neftçi"nin də ehtiyat qüvvəsi kifayət qədərdir. İndi gəlin "Sumqayıt"a, "Səbail"ə, "Keşlə"yə, "Zirə"yə baxaq, o qədər oyunçusu varmı? Dərinə getsək, "Qəbələ" bəlkə də iki dəyişikliyin tərəfdarıdır. Hər şeyi nəzərə almaq lazımdır".  

PFL prezidenti çempionatın ilk 3 turunu da dəyərləndirib: "çox maraqlı çempionat keçir. Kaş ki mövsümün sonuna qədər belə maraqlı oyunlar olaydı. Məsələn, dünən "Neftçi" - "Qarabağ" oyunu çox maraqlı keçdi. Sizi inandırıram ki, canlı baxdığım "Sevilya" - "Barselona" matçından daha həyəcanlı idi. Bu müqayisəmi kim necə istəyir başa düşsün, necə istəyir qəbul etsin, mən reallığı deyirəm. Autsayder gözü ilə baxdığınız komandalar da mövsümə yaxşı başlayıb. "Səbail" - "Sumqayıt" görüşü heç də "Neftçi" - "Qarabağ" qarşılaşmasından geri qalmadı. Həmin oyunda da gərgin, maraqlı mübarizə getdi. Adətən çempionat yeni başlayanda premyer liqa təmsilçiləri sönük təsir bağışlayır, ancaq büdcəsindən asılı olmayaraq, hər bir komanda özünü yaxşı tərəfdən göstərməyə çalışır. Mən "Səbail"i tərifləyəndə, çoxları bunu başqa tərəfə yozurdu. Ancaq dünən hamı bu komandadan danışırdı. Az büdcə ilə elə komanda yaratmaq... Şəxsən "Səbail"in rəhbərliyinə və baş məşqçisi Aftandil Hacıyevə minnətdarlığımı bildirirəm. Halal olsun!"  

Fanat.az

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest