"Qarabağ" qələbə qazandısa, deməli, bunu haqq etdi. Biz öz imkanlarımızı dəyərləndirə bilməmişiksə, günahı özümüzdə axtarmalıyıq"

Premyer Liqanın III turunda "Qarabağ"a 1:2 hesabı ilə uduzan "Neftçi" klubunun kapitanı Emin Mahmudovun  müsahibəsi

- Prinsipial oyundakı yenilgidən sonra özünü necə hiss edirsən?
- Əlbəttə, adama pis gəlir. Yaxşı nəticə qazanmaq üçün meydanda var gücümüzü qoysaq da, sonda məğlub olduq. Təbii ki, çətindir. Amma ümidsizliyə qapılmaq çıxış yolu deyil. çempionat yeni başlayıb, əsl mübarizə irəlidədir. İrəli boylanmalı, daha çox çalışmalıyıq.

- İkinci hissədə "Neftçi"nin 3-4 real qol imkanı oldu. Səncə, hesab oyuna görə oldu?
- "Qarabağ" qələbə qazandısa, deməli, bunu haqq etdi. Biz öz imkanlarımızı dəyərləndirə bilməmişiksə, günahı özümüzdə axtarmalıyıq.

- "Neftçi"nin xal və ya xallar qazanmasında nə çatmadı?
- Fasilədən sonra daha aqressiv və hərəkətli olmaqla oyunu xeyrimizə dəyişməyi bacardıq. Bunun nəticəsində əla imkanlar yaxaladıq. Qol şanslarını reallaşdırmaq lazım idi. Bunu bacarsaydıq, bu gün məğlubiyyətdən danışmazdıq. Məncə, çatmayan elə bu oldu.

- Görünən odur ki, bu il "Qarabağ"la çempionluq mübarizəsi aparmaq, şəxsi görüşlərdə onları məğlub etmək ötən mövsümkü kimi mümkün olmayacaq...
 "Qarabağ"la mübarizə aparmaq ötən çempionatda da asan olmamışdı. Bu il də çətin olacaq. Bu dəqiqə vacib olan öz oyunumuza baxmaq, hər ötən gün "artırmaqdır".

- Əla formadasan. Yığmada vurduğun qollarını davamını çempionatda gətirdin. Premyer Liqada 3 oyundan sonra hesabında 2 top var. Deyəsən, bombardirliyə göz dikmisən...
- Elə bir fikrim yoxdur. İstər yığmada, istərsə də "Neftçi"də meydana ayaq basanda qarşımda bir məqsəd durur – komandama kömək etmək. Bəzən məhsuldar ötürmə verirəm, bəzən zərbəm qol olur. Xeyr, bombardirlik hədəfim yoxdur. Məqsədim "Neftçi"yə kömək etməkdir.

- Sıx qrafikdə oynanırsan. Yorulmursan?
- Psixoloji baxımdan yorulmuram. Bildiyiniz kimi, xeyli vaxt millidə oynamadım. Ona görə də indi yığmadakı hər oyun mənə bayram kimi görünür. "Neftçi"də isə kapitanam. Yorulmaq söhbəti ola bilməz. Belə deyim, yorğunluq və istirahət haqda düşünmürəm. Bu dəqiqə oynayan vaxtımdır, nə qədər gücüm varsa, meydanda qoymağa hazıram. Təki futbol oynayım. İstirahət üçün vaxtım olacaq.

- Bu qədər yüklənmənin zədəyə yol açacağından ehtiyatlanmırsan?
- Belə baxanda, zədəni yüklənmə olmadan da ala bilərsən. İnşallah, zədə almaram. Yaxşı şeylərdən danışaq ki, yaxşı olsun.

- Namiq Ələsgərovla həm meydanda, həm də ondan kənarda yaxşı anlaşırdız. Onun üçün darıxırsan?
- Namiq "Neftçi" üçün vacib fiqur idi. "Əsas silahımız idi" deyə bilərəm. Onun gedişi oyunumuzu dəyişib. Dediyiniz kimi, meydanda çox yaxşı anlaşırdıq. Hələ millidə görüşə bilirik, söhbət edirik. Yəqin ki, qışdan sonra darıxacam. sportinfo.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest