"Neftçi"nin kapitanı Emin Mahmudovun klubun rəsmi saytına müsahibəsi

- Hazırda bəlkə də karyeranın ən pik dövrünü yaşayırsan. Həm avrokuboklarda, həm də millinin heyətində stabil çıxışınla yanaşı, vurduğun qollarla azarkeşlərin rəğbətini qazanmısan...

- Bəli, hazırda karyeramın ən yaxşı anlarını yaşayıram və bu səviyyəni mümkün qədər çox saxlamağa çalışıram. Daha yaxşı oynamaq üçün maksimum "artırıb", həm "Neftçi", həm də milli azarkeşlərini sevindirməyə çalışacağam. çünki onlar buna layiqdirlər. Heyf ki, vurduğum qollar azarkeşləri heç də həmişə sevindirmir. Bunun da səbəbi məğlub olmağımızdır.

- "Qarabağ"la matçda vurduğun qol komandaya kömək etmədi. ümumiyyətlə, bunun üçün nə çatmadı?

- çox təəssüf ki, "Qarabağ"a uduzduq. İkinci hissədə çox yaxşı oynadıq. Əlbəttə, hər iki hissəni daha yaxşı keçirməli idik, amma alınmadı. İnanıram ki, qarşıdakı görüşlərdə əvvəldən sonadək daha yüksək səviyyədə çıxış edəcəyik.

- İnanırıq ki, çempionluq uğrunda əsas rəqibə məğlubiyyət komandanı  ruhdan salmayıb. Kapitan kimi nə deyə bilərsən?

- Düzdür, məğlubiyyət xoş deyil, amma heç birimiz ruhdan düşməmişik. Uduzanda məyus olmaq normaldır, amma irəli baxmalıyıq. Uşaqlar məsuliyyəti dərk edir və bilirlər ki, yaxşı nəticə göstərmək üçün maksimum çalışmaq lazımdır.

- Qarşıdan "Keşlə" ilə görüş gəlir. Rəqib geridə qalan 3 oyunun hamısında uduzub və 7-ci pillədə qərarlaşıb. Bu, futbolçularda arxayınçılıq yaratmır ki?

- "Keşlə"nin oyunlarına baxmışam. Uduzmaqlarına baxmayaraq, heç də pis təsir bağışlamayıblar. ümumiyyətlə, Azərbaycan çempionatında asanlıqla məğlub edə biləcəyin rəqib yoxdur.

- "Neftçi"  ötən mövsüm keçirilən matçların 4-də də qalib gəlib. 3:0 hesabı ilə qələbə qazandığınız dördüncü dövrə oyununda sonuncu qola sən imza atmışdın. Necə düşünürsən, bu dəfə də adını tabloya yazdıra biləcəksən?

- Əlbəttə, hər oyunda qol vurmaq istəyərəm, amma ilk növbədə komandanın uğuru haqda düşünmək lazımdır. Qol müəllifi mən olacağam, yoxsa başqası, fərq eləmir, əsas odur ki, "Neftçi" qələbə qazansın. Bununla belə, tez-tez qol vurmaq üçün də əlimdən gələni edəcəyəm.

- Bu mövsüm meydana çıxdığın 11 oyunda 6 dəfə fərqlənmisən. ümumiyyətlə, geridə qalan 4 il ərzində "Neftçi"də bir mövsümə ən çox 9 qol vurmusan. 2021/2022 mövsümünün böyük hissəsinin hələ qarşıda olduğunu nəzərə alsaq, rekordunu yeniləyəcəyinə inanırsan?

- Bəli, qarşıda hələ çox oyunumuz var. çalışacağam qol fürsətlərindən maksimum yararlanıb daha çox fərqlənim.

- Kapitan olaraq, "Neftçi" azarkeşləri haqqında fikirlərini bilmək istərdik. Yəni komanda üzvlərinin fanatlardan gözləntisi nədir?

- Azarkeşlərimizə çox təşəkkür edirəm. Son oyunlarımızdakı uğursuz nəticələrə baxmayaraq, onlar bizə dəstək olurlar. Düzdür, geridə qalan 3 oyunda 5 xal itirmişik, amma çempionat hələ yeni başlayıb. Əminəm ki, azarkeşlərimizin də dəstəyilə birlikdə daha da güclü olub, qarşıdakı oyunlarda çoxlu qələbələr qazanacağıq. Onlardan xahişim budur ki, nəticədən asılı olmayaraq yenə də dəstəklərini əsirgəməsinlər. çempionluğaa inansınlar və sonadək yanımızda olsunlar. Biz də öz növbəmizdə çempionluq uğrunda mübarizədə sonadək vuruşub, onları sevindirmək üçün əlimizdən gələni edəcəyik.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest