"Qaydaya əsasən start heyətində 5 azərbaycanlı futbolçu olmalıdı. Bu zərurətdi. Klub rəhbərliyi ilə danışıb limit məsələsini qabartmağa çalışacam. Fikirləşirəm ki, limit götürülsə, Azərbaycan futbolu üçün yaxşı olacaq. Kim güclüdüsə, o da oynamalıdı". Matc.az xəbər verir ki, bu sözləri çempionatın III turunda baş tutan "Neftçi" – "Qarabağ" (1:2) qarşılaşmasından sonra flaqmanın baş məşqçisi Samir Abasov deyib.

Onun açıqlaması futbol ictimaiyyətində səs-küyə səbəb olub. Premyer-liqanın IV turu çərçivəsində keçirilən "Zirə" – "Sabah" oyundan sonra mətbuat konfransında "qartallar"ın çalışdırıcısı Rəşad Sadıqov da bu məsələdə həmkarı ilə eyni fikirdə olduğunu söyləyib.

Bəs AFFA bu açıqlamalarla bağlı nə düşünür? Məşqçilərin istəyi nəzərə alınacaq, yoxsa limitin dəyişdirilməsindən söhbət belə gedə bilməz? Suallarımıza cavab tapmaq üçün AFFA-nın vitse-prezidenti, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla danışdıq:

"Bu qayda hər il Məşqçilər Komitəsi tərəfindən müzakirə olunur. Ən optimal, futbolumuza xeyir verən qərarlar qəbul edilir. Həmişə demişəm və yenə deyirəm, Məşqçilər Komitəsi olaraq bütün təkliflərə açığıq. Ancaq bu məsələ hər il müntəzəm gündəmə gətirilir. AFFA-da bunu müzakirə edirik və tövsiyələrimizi veririk. Ən vacibi odu ki, atılan hər bir addım Azərbaycan futbolunun inkişafına xidmət etməli və təkan verməlidi. Limitə gəlincə, bununla bağlı klublardan tələbin gəlməsinə ehtiyac yoxdu. Biz bu məsələyə müntəzəm toxunuruq və lazımi qərar da qəbul edirik. Kimsə fikirləşirsə ki, bu mövzu müzakirə olunmur, o, səhv düşünür". futbol+

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest