"35 il əvvəl, 1986-cı ildə ailəm ilə birlikdə Şuşaya 3-4 günlük istirahətə getmişdim. Həmin vaxt uşaqlarımın 14-15 yaşı var idi. Birlikdə İsa bulağında ailəvi şəkil çəkdirmişdik"

Bu günlərdə Xalq artisti Rasim Balayev ailəsi ilə birlikdə Şuşada səfərdə olub. Xalq artisti 35 il əvvəl ailəsi ilə birlikdə İsa bulağında çəkdirdiyi şəklin eynisini çəkdirərək, sosial şəbəkələrdə paylaşıb. Böyük marağa səbəb olan fotonun tarixçəsi haqda Rasim Balayev "Yeni Müsavat"a danışıb:

"35 il əvvəl, 1986-cı ildə ailəm ilə birlikdə Şuşaya 3-4 günlük istirahətə getmişdim. Həmin vaxt uşaqlarımın 14-15 yaşı var idi. Birlikdə İsa bulağında ailəvi şəkil çəkdirmişdik.Lakin sonra Şuşa işğal olundu və illər keçdikcə məndə belə bir təsəvvür yaranmağa başladı ki, Şuşanı daha görə bilməyəcəyik. Lakin çox şükür ki, bu gün Şuşa azaddır və orada çox gözəl tədbirlər, festivallar təşkil olunur.

"Xarıbülbül" festivalı və digər tədbirlərə dəvət almışdım. Lakin sağlamlığım buna imkan vermədi. Bu günlərdə xahiş etdim ki, ailə ilə birlikdə Şuşaya gedim. çox sağ olsunlar ki, bu istəyimi yerinə yetirdilər şəhid ailələriylə, Xalq artisti Alim Qasımovla birlikdə Şuşaya getdik.

İsa bulağında olanda uşaqlara dedim ki, gəlin 35 ildən sonra eyni yerdə eyni cür şəkil çəkdirək. Əlbəttə ki, bu çox qürurverici idi. Orada yaşadığım hissləri təsvir etmək çox çətindir. Bir gün qaldıq, Cıdır düzünü, hər yeri gəzdik.

Biz Şuşaya Füzulidən keçib, getdik. Təsəvvür edin ki, ermənilər hər yeri darmadağın ediblər. Lakin Şuşaya o qədər də dəyməyiblər. Sanki Şuşanın daim onlarda qalacağına inanmışdılar. Orada bahalı villalar, restoran və kafelər tikiblər. Hətta bildiyiniz kimi, erməni futbolçu Henrix Mxitaryanın Şuşada böyük villası var. Alim Qasımovla birlikdə həmin villada da olduq.

Beləliklə, Şuşa qismən daha yaxşı vəziyyətdədir. Yalnız Azərbaycana məxsus tarixi abidələri, heykəlləri dağıdıb, qədim Alban kilsəsini erməniləşdirməyə çalışıb, məscidi farsların adına çıxmaq istəyiblər. çox şükür ki, Şuşamız azaddır və əsl sahibləri o torpağa geri qayıdıb".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest