Cari mövsümdən etibarən Azərbaycan Futzal Federasiyası və "Badamlı" şirkəti əməkdaşlığa başlayıb. Matc.az xəbər verir ki, artıq hər iki qurum arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
 
Federasiyanın bayrağı altında keçirilən daxili yarışlar zamanı zalda bu şirkətin reklam löhvəsi də yerləşdiriləcək.
 
Qeyd edək ki, 1947-ci ildən bəri istehsal olunan "Badamlı" Azərbaycanın ilk və ən məşhur su brendidir. "Badamlı" bulağı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Badamlı qəsəbəsində yerləşir. Hələ keçmiş Sovet İttifaqı dövründə 15 müttəfiq respublikaya satılan "Badamlı" suları faydalı komponentlərlə zəngin tərkibi və unudulmaz dadı ilə bütün Sovet İttifaqı alıcılarının könlünü fəth etmişdi. 1990-cı illərdə ittifaq dağıldıqdan sonra bazar iqtisadiyyatına keçid prosesi ilə əlaqədar yaranan çətinliklərə görə "Badamlı" sularının ixracı dayanmışdı.
 
Hazırda "Badamlı" suları "Badamlı Mineral Sular" MMC tərəfindən Avropa və dünyada qəbul edilən ən yüksək texnologiyaların tətbiqi əsasında, qapalı şəraitdə insan təması olmadan qablaşdırılır. Müəssisədə ISO 22000 Qida Təhlükəsizliyi sertifikatı mövcuddur və məhsullarımız dünya standartlarına cavab verir. Müəssisədə həyata keçirilən dolum prosesi Fransanın "Sidel" firmasının istehsalı olan avadanlıqlar vasitəsi ilə aparılır. Bununla yanaşı müəssisədə Almaniya və ABŞ istehsalı olan müasir avadanlıqlarla təmin edilmiş xüsusi laboratoriya qurulub. Laboratoriyada suyun keyfiyyətinə mütəmadi nəzarət olunur, fiziki-kimyəvi, mikrobioloji və orqanoleptik analizlər aparılır. Məhsullar beynəlxalq qida təhlükəsizliyi standartlarının tələblərinə tam cavab verir. "Badamlı" qazlı və qazsız olmaqla 13 ayrı həcmdə qablaşmalarda istehsal olunur (300 ml, 330 ml, 600 ml, 750 ml və 15 L şüşə butulkalarda, 330 ml, 500 ml, 1000 ml və 1500 ml PET butulkalarda, 5 L, 10 L, 18 L və 19 L damacan qablaşmada). Qazlı sularda ümumi minerallıq 400-500 mq/litr təşkil edir. PH dəyəri isə 6.5-7.5 arasında dəyişir. Bu elə bir dəyərdir ki, istifadə edildiyi təqdirdə insanın günlük mineral ehtiyacının əhəmiyyətli bir hissəsini qarşılayır bununla yanaşı uzun müddətli istifadə zamanı orqanizmdə mineral artıqlığı yaratmır. "Badamlı" istehsal olunduğu gündən bəri sərinliyi və insanlara bəxş etdiyi xoş əhval ruhiyyəsinə görə dillər əzbəri olmuş və adına musiqilər bəstələnmişdir.
 
"Badamlı" hazırda Azərbaycanın yerli bazarı ilə yanaşı Rusiya Federasiyası, çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İraq Respublikası, Qazaxıstan Respublikası kimi xarici dövlətlərə ixrac olunur. 2020-ci ilin əvvəllərində Badamlı qəsəbəsində "Badamlı"nın yeni istehsal binasının istifadəyə verilib. Movcud istehsal müəssisəsində günlük istehsal potensialı 500.000 şərti butulka təşkil edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest