Türkiyənin "Beşiktaş" komandası daha iki aparıcı futbolçusunun xidmətindən məhrum olub. Matc.az xəbər verir ki, Super Liqanın 7-ci turu çərçivəsində ötən gecə səfərdə "Altay"la qarşılaşmaya 11 itki ilə çıxan İstanbul təmsilçisi, bu oyunda yeni itkilərlə üzləşib.
 
Belə ki, komandanın yarımmüdafiəçiləri Miralem Pyaniç və Salih Uçan da sıradan çıxıb. Onların zədəsi ciddi hesab olunur və bir müddət istirahət edəcəkləri dəqiqdir. Hər iki oyunçunun durumuna ətraflı tibbi müayinədən sonra aydınlıq gələcək.
 
Xatırladaq ki, "Beşiktaş"da bu iki oyunçudan öncə 10 futbolçu zədə səbəbindən komandaya kömək edə bilmirdi. Bu siyahıda Mişi Batşuayi, Rəşid Gezzal, Kayl Larin, Velinton, Domaqoy Vida, Kevin Nkudu, Aleks Teyşeyra, Mehmet Topal, Nəcib Uysal və Fransisko Montero var. Valentin Rozye isə cəzalı duruma düşdüyü üçün "Altay"la qarşılaşmanı buraxmalı olub. 
 
"Beşiktaş" hesabı açdığı "Altay"la görüşdə 1:2 hesabıyla uduzub. Bu, son çempionun yeni mövsümdəki ilk yenilgisi olub. Sərgən Yalçının çalışdırdığı komandanı sentyabrın 28-də UEFA çempionlar Liqası çərçivəsində "Ayaks"la səfər oyunu gözləyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest