Futbol üzrə İrlandiya millisinin qapıçısı Gevin Bazunu Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
 
"Portuqaliya və Serbiya ilə eyni səviyyədə oynayacağımız halda, bizdən qələbə gözləmək olar. Seçmə mərhələdəki qələbəsizlik seriyası komandamıza təsir etmir. çünki hər oyunda özümüzdəki inkişafı və heyətdəki istedadlı futbolçuları görürük. Hazırda yalnız qarşıdakı matçı düşünürük. Rəqib barədə məşqçilərdən bütün lazımi məlumatları alırıq. Bu, həqiqətən möhtəşəmdir. Az öncə də dediyim kimi, əldə etdiyimiz irəliləyişi gördük və bunu inkişaf etdirmək istəyirik. Hər oyuna ayrıca yanaşmalıyıq. Bizim üçün ən vacibi şənbə günü keçiriləcək oyundur. Hələlik sonrasını düşünmürük".
 
Müqavilə ilə İngiltərənin "Mançester Siti" klubuna məxsus olan və hazırda "Portsmut"da icarə əsasında çıxış edən 19 yaşlı qolkiper səfərdə Portuqaliyaya 1:2 hesabı ilə uduzduqları görüşdə Kristiano Ronaldonun penalti zərbəsini qaytardığı epizodu xatırlayıb: "Bu barədə elə də çox fikirləşmirəm. Amma bir çox insan zaman-zaman bu məsələni qaldırır. Həmin epizoda qayıtmaq xoşdur, amma mən sadəcə, öz işimi davam etdirmək və yenidən belə bir anı yaşamaq istəyirəm".
 
İrlandiya millisi oktyabrın 9-da Bakı Olimpiya Stadionunda Azərbaycan yığmasının qonağı olacaq, oktyabrın 12-də isə Dublindəki "Aviva" stadionunda Qətərlə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest