Türkiyənin "Antalyaspor" komandasının yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Nuri Şahin çalışdıracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sözügedən komandada futbolçu kimi çıxış edən Türkiyə yığmasının sabiq yarımmüdafiəçisi, eyni zamanda Antalya təmsilçisinə baş məşqçi kimi rəhbərlik edəcək. Tərəflər 5 illik anlaşıblar. Nurinin klubla futbolçu kimi bağladığı müqavilənin müddəti isə 2022-ci ilin sonuna qədərdir. Onun yeni vəzifəsinə təyinatından sonra oyunçu kimi meydana çıxıb-çıxmayacağı bilinmir.
 
Nuri Şahin 2020/21 mövsümünün əvvəlindən "Antalyaspor"da çıxış edir. Dortmund "Borussiya"sının yetirməsi olan, 2005-2011-ci illər aralığında bu klubun əsas komandasında forma geyinmiş yarımmüdafiəçi, sonralar "Feyenoord", "Real", "Liverpul" və "Verder"də də forma geyinib. Türkiyə yığmasında 52 oyun keçirmiş 33 yaşlı futbolçu, 2 qol da vurub.
 
"Antalyaspor" bu mövsümə Ersun Yanalın rəhbərliyi altında start versə də, uğursuz nəticələrə görə onu Super Liqanın 8-ci turundan sonra istefaya göndərib. Komanda hazırda 8 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest