Futbol üzrə İrlandiya yığmasının yarımmüdafiəçisi Ceymi Makqrat Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, Şotlandiyanın "Sent-Mirren" klubunda çıxış edən 26 yaşlı vinger futbolda heç vaxt asan qarşılaşma olmadığını bildirib:
 
"Rəqibimizin FİFA reytinqində aşağı pillələrdə yer alması o qədər də əhəmiyyətli deyil. İstənilən rəqiblə oyunda təzyiq olur. Hətta Andorra ilə matçda da bunu hiss edə bilərsiniz.
 
Azərbaycana favorit kimi gedirik, amma bizim üçün çətin oyun olacaq. İşləri qaydasına salmaq üçün bu həftə çox iş görməliyik. Yaxşı məşq keçməli və şənbə günü qələbə üçün çalışmalıyıq. Bakıda qalib gələ biləcəyimizə ümid edirəm".
 
Makqrat 2019/20 mövsümündə çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İrlandiyanın "Dandolk" klubunun heyətində "Qarabağ"a qarşı keçirdikləri oyunlarını da xatırlayıb. Hansı ki, İrlandiyada 1:1 hesablı heç-heçəyə razılaşan irlandlar Bakıda Ağdam təmsilçisinə 3 cavabsız qolla uduzaraq mübarizəni dayandırmışdılar:
 
"Evdə rəqibi məğlib etməli idik. Ən azı iki qol vura bilərdik. Mənim də fərqlənmək şansım oldu. Səfərdə isə bunun cəzasını çəkdik. Avrokuboklardakı bu cür oyunlar insanın gözünü açır. Ələ düşən imkanı dəyərləndirməsəniz və rəqibə kiçik boşluq versəniz, cəzalanacaqsınız. Bu, səhvlərə görə bizi cəzalandıran komandalarla ilk təcrübəm idi".
 
Oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçına saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest