Futbol üzrə İrlandiya millisinin baş məşqçisi Stiven Kenni Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında Azərbaycanla oyundakı mümkün məğlubiyyətin istefasına səbəb olmasından qorxmadığını dilə gətirib:
 
"Yazılanlara inanmaq lazım deyil. özümü təzyiq altında hiss etmirəm. Yaxşı məşq həftəsi keçirmişik. Komandada özünəinam var. Bunun sabahkı oyunda qələbəyə gətirəcəyini düşünürəm.
 
Canni De Byazinin rəhbərlik etdiyi komandanın bütün matçlarını izləmişəm. Serbiya Azərbaycanla matçın son dəqiqələrində qələbə topunu vurdu. Portuqaliya çətin qələbə qazandı. Biz də sabahkı matçda qalib gəlmək istəyirik. Amma əvvəlcə bunu haqq etmək lazımdır. Oyunu səbirsizliklə gözləyirik".
 
Kenni qızdırma səbəbindən Bakıda təcrid olunan Adam İda və Ceyson Naytın koronavirusa yoluxmadıqlarını vurğulayıb: "Bu, COVID-19-la bağlı problem deyil. Hazırda özlərini yaxşı hiss edirlər. Amma onların oynayıb-oynamayacaqlarına məşqdən sonra aydınlıq gələcək".
 
Sabah Bakı Olimpiya Stadionunda baş tutacaq Azərbaycan - İrlandiya matçına saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest