"Qarabağ"ın sabiq futbolçusu, hazırda Polşanın "Yagelloniya" klubunda çıxış edən Dani Kintana açıqlama verib. Matc.az "weszlo.com" saytına istinadən xəbər verir ki, ispan yarımmüdafiəçi Polşa və Azərbaycan çempionatlarını müqayisə edib:
 
"Polşa Ekstraklasası Azərbaycan çempionatından daha yaxşıdır. Burada yaxşı oynasan, səni Almaniya, Avstriya və İspaniyada görürlər. Azərbaycanda isə heç kim səni izləmir.
 
"Qarabağ"da "Yagelloniya"dan daha çox oynamışam. Azərbaycanda komandalar çox müdafiə olunur. Biz ən yaxşı komanda idik. İlk 2 ildə çempionatda 16 qələbə qazandıq. Buna baxmayaraq, həqiqətən, çətin idi. Xüsusi vurğulamaq lazımdır ki, "Qarabağ" çox yaxşı təşkil olunub.
 
Mən Azərbaycanda yaşayanda və oynayanda çempionatda qol vururduq, amma xüsusi təmtəraqla qeyd etmirdik. Ekstraklasadakı isə hər matç bir bayramdır. 
 
"Qarabağ"da qazandıqlarımdan çox məmnunam. Dörd il Avropa Liqasının qrupunda oynadım, ilk 11-likdə meydana çıxdım, əsas heyət üzvü idim. "Qarabağ"la çempionlar Liqasında oynamışam. Bunlar mənim üçün inanılmaz xatirələrdir, hamısı gözümün önündədir. Fotoşəkillər, rəqiblərin formalarını toplayıram. Bunlar uşaqlarıma danışa biləcəyim hadisələrdir. Bilirsiniz ki, çempionlar Liqası Avropa Liqasından tamamilə fərqlidir. Oyunçulara və məşqçilərə fərqli yanaşma olur. çempionlar Liqası Avropa Liqasından üç xal öndədir. "Sevilya" ilə Avropa Liqasında oynadıq. Rəqib əsas oyunçularını La Liqanın növbəti matçına hazır olmaları üçün oynatmadı. çempionlar Liqasında isə ehtiyat qüvvədən söhbət gedə bilməz. Hamı 100 faiz ciddidir. Zarafat etmirəm".
 
Kintana "Qarabağ"da çıxış edərkən komanda yoldaşı olan Yakub Jezniçak və Mahir Emreli haqda da danışıb:
 
"Jezniçak möhtəşəm və etibarlı futbolçudur. Hər zaman çox yaxşı oynayırdı. "Qarabağ" onun müqaviləsini uzatmayanda hamımız çox təəccüblənmişdik. Bir neçə oyun olmasa da, hər zaman komanda üçün çalışıb, möhtəşəm oyunlar keçirib.
 
Mahir həmişə böyük fiziki potensiala malik idi, daşdan da sərt idi. 17 yaşında idi, çox dinamik oynayırdı. Aqressiv deyildi. Sadəcə güclü idi. "Legiya" ilə müqavilə imzalamazdan əvvəl fikrimi soruşdu. Belçikadan da təklifi var idi, amma bura gəlməsini məsləhət gördüm. Ona dedim ki, "Legiya"da çempionluq uğrunda mübarizə aparacaqsan, avrokuboklara qatılacaqsan. Polşa liqasının ona Belçika çempionatından daha uyğun olduğunu söylədim. Düşünürəm ki, Emrelinin "Top-5" liqalarda oynamaq şansı var. Amma 18-19 yaşında Polşa liqasına gəlməli idi. Lakin o vaxt yaxşı maaş verdikləri, Avropada uğurlu futbol oynadığı klubda və evdə idi. çox güman ki, buna görə uzun müddət ölkəsində qaldı".
 
Kintana "Qarabağ"ın sabiq futbolçusu Donald Gerye ilə Ağdam təmsilçisindəki xatirələrindən də danışıb: "çox gülməli insandır. Onun qarşısında gülümsəməmək mümkün deyil. Onun inanılmaz imkanları var və ən yüksək səviyyədə oynaya bilərdi. Hətta La Liqa komandasından danışıram. Problem onun özündə idi. Geryeyə deyirdim ki, niyə baş məşqçini dinləmirsən, niyə məşqləri buraxırsan? Onu əsəbiləşdirməyin yolu yoxdur. Gülməyə başlayırdı, sən də gülürsən və müsbət enerji yaranır.
 
önəmli oyunumuz var idi. Donald qısa tətilə getmişdi, amma geri qayıtmalı idi. Baş məşqçi Qurban Qurbanov niyə gəlmədiyini soruşmaq üçün zəng edəndə cavabında dedi ki, gələ bilmərəm, arvadım icazə vermir. çalışdırıcı daha sonra telefonu həyat yoldaşına verməyini istədi və ona "niyə gəlməsinə icazə vermirsən", sualını verdi. Onun cavabı isə belə oldu: "Nə? Haitidən qayıtmaq istəməyən Donald özüdür". Bu hərəkətindən sonra o, "Qarabağ"dan göndərildi və "Neftçi"yə keçdi.
 
Bir dəfə matç zamanı kimsə tribunadan daş atdı, Donald da özünü yerə atıb başını tutdu. Daşı əlində saxlayıb, yerdə qışqırırdı. Etiraz etdik ki, onu öldürə bilərdilər. Amma ertəsi gün baş məşqçi iclasda həmin epizodun videosunu göstərdi, baxdıq ki, top Donalddan uzağa düşüb, o özünü daşın üstünə atıb".
 
Dani Kintana 2015-2020-ci illər aralığında "Qarabağ"ın uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest