Argentinalı futbolçu Emiliano Salanın içində olduğu təyyarənin axtarışları davam edir. Matç.az saytının məlumatına görə, "Kardiff"in yenicə transfer etdiyi oyunçunun "WhatsApp" vasitəsilə dostlarına yazdığı mesaj üzə çıxıb.

Maraqlıdı ki, Nant şəhərindən Uelsin paytaxtı Kardiffə hərəkət edən şəxsi təyyarə havaya qalxmazdan əvvəl 29 yaşlı hücumçu göndərdiyi səsli mesajda "hava gəmisi"nin durumunun yaxşı olmadığını deyib: "Salam, kiçik qardaşlarım, necəsiniz? Yorğunluqdan ölürəm. Bu gün işlərimi həll etmək üçün Nantda idim. İşlərim bitmək bilmir. Kardiffə getmək üçün təyyarəyə mindim. Amma təyyarə sanki dağılacaq şəkildədi. Əgər saat yarım ərzində məndən bir xəbər almasanız... Məni axtarmaq üçün kimlərisə göndərəcəklərini bilmirəm, çünki məni bu vəziyyətdə tapa bilməzlər (gülür). Həqiqətən də, çox qorxuram".

Səsyazmada Sala dostları ilə zarafatlaşsa da, onun sözləri baş verəcək hadisələrin xəbərçisi idi. Argentina mətbuatının ələ keçirdiyi həmin səsin Salaya məxsus olduğu onun atası tərəfindən təsdiqlənib. Həmçinin keçmiş komanda yoldaşı Dieqo Rolan da onun belə bir mesaj göndərdiyini bildirib.

Yerli polis təşkilatı axtarışların gecə dayandırıldığını və bu gün davam etdiriləcəyini açıqlayıb: "çannel adaları, İngiltərə və Fransanın səlahiyyətli qurumları tərəfindən 15 saatlıq axtarışlardan sonra suyun üzərində bəzi metal əşyalara rast gəlinib. Ancaq bunların təyyarəyə aid olub-olmadığını bilmirik. Yolçulara aid heç bir iz tapılmayıb. Suya düşüblərsə, indiki vəziyyətdə sağ qalmaq ehtimalları, təəssüf ki, çox azdı".

Qeyd edək ki, Emiliano Sala 15 milyon funt-sterlinqə "Nant"dan "Kardiff"ə transfer olunmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest