Premyer Liqanın 8-ci turunun mərkəzi oyunu "Bakcell Arena"da keçirildi. Matc.az saytı xəbər verir ki, son çempion "Neftçi" ilə medallar uğrunda mübarizə aparan "Zirə" üz-üzə gəlirdi. Mövsümün ilk dövrəsini pis keçirməyən komandaların duelində "Zirə" qələbə qazanıb rəqibini turnir cədvəlində keçməyi hədəfləyirdisə, "Neftçi" çempionluq yarışında büdrəmək istəmirdi.

Premyer Liqa
8-ci tur
23 oktyabr

"Neftçi" – "Zirə" – 2:1
Qollar: Sezar Meza Kolli, 39, Mirabdulla Abbasov, 84 – Ağabala Ramazanov, 6
"Bakcell Arena". Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Tural Qurbanov
"Neftçi": 30. Aqil Məmmədov, 26. ömər Buludov (21. İsmayıl Zülfüqarlı, 77), 8. Emin Mahmudov (k) (22. Mirabdulla Abbasov, 69), 97. Xəyal Nəcəfov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 10. Sezar Meza Kolli, 9. Tiaqo Bezerra (91. Ramon Maçado, 69), 20. Mert çelik
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 19. Fəhmin Muradbəyli, 11. Harramiz Soares, 4. Huqo Basto, 14. Romen Bask, 36. Mamadu Kane, 37. Vüsal Əsgərov
Baş məşqçi: Samir Abasov
"Zirə": 1. Mehdi Cənnətov, 10. Ağabala Ramazanov (k) (44. Dmitrios çantakias, 73), 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev (8. İlkin Muradov, 67), 18. Davit Volkov, 26. Nemanya Andelkoviç, 47. Mohamed Hamdaui (9. Loris Broqno, 64), 4. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 62. Abdulla Seydəhmədov, 15. Ruslan Abışov, 11. Velves Santos, 5. Rauf Hüseynli, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov
Baş məşqçi: Rəşad Sadıqov

Rəşad Sadıqovun futbolçu kimi məşhurlaşdığı ilk klubun "Neftçi" olması, Samir Abasovun isə "Zirə"də məşqçi karyerasının qısamüddətli alınması qarşılaşmanın prinsipiallığını daha da artırırdı. Hər iki komanda ənənəvi olaraq, "üçlü" mərkəz müdafiə xəttinə etibar etmişdi. Ancaq digər mövqelərdə qərarlaşan oyunçuların funksiyaları fərqli idi. Məsələn, "Neftçi"də hücumun sivri ucunda çıxış edən Tiaqo Bezerraya ən yaxın oynayan Sezar Meza Kolli idi. Paraqvaylı sağ cinahdan ona dəstək verirdisə, solda Yusuf Laval bu işi görməli idi. Ancaq Laval eyni zamanda 5-li müdafiənin solunu da bağlamaq vəzifəsini icra edirdi. Bu baxımdan onun yükü ikiqat artıq görünürdü. "Flaqman"da əsas dəyişiklik Mamadularla bağlı idi. Mbodj uzun fasilədən sonra start heyətinə dönmüşdüsə, Kane bu dəfə ehtiyatda qalmışdı. Ondan yaranan boşluğu Xəyal Nəcəfov doldurmalı idi.

"Neftçi" 5-4-1 sistemində çıxış edir, "Zirə"də sxem 5-2-3 kimi görünürdü. Təbii ki, belədə əsas yük orta sahədəki Hacıağa Hacılı ilə Coşqun Diniyevin üzərinə düşmüşdü. Davit Volkov sağ, Ağabala Ramazanov sol vinger mövqeyində başladılar. Baş məşqçi Mohamed Hamdauini gizli "9 nömrə" mövqeyində oynatdı. Niderlandlı yarımmüdafiəçi mərkəz hücumçusu mövqeyində yer alsa da, əslində əsas işi cinahdakı forvardları hərəkətləndirmək, topla təmin etmək idi.

İlk dəqiqələrdən "Neftçi"nin xoşbəxtliyi cinahlarda, "Zirə"nin isə sürətli hücumlar və standart vəziyyətlərdə axtardığı aşkar görünürdü. Qonaqların bu planı artıq 6-cı dəqiqədə uğurla nəticələndi. Kornerdən ötürmə zamanı uzaq küncdə ömər Buludovun diqqətindən yayınan Ağabala Ramazanov topu qapıdan keçirməkdə çətinlik çəkmədi. Erkən gələn qol komandaların oyun planına da təsir göstərdi. "Zirə" artıq ilk dəqiqələrdən müdafiəyə çəkilməyə vadar oldu. çünki hesabda geri düşən "Neftçi" bərabərlik qolu üçün top çevirməyə, hücumda çoxalmağa çalışırdı. Sakit tərzdə müdafiə olunan qonaqlar 1-2 epizodu saymasaq, rəqibi qapıya çox yaxınlaşdırmırdı. Nəticənin gətirdiyi rahatlıq "Zirə"nin hər imkanda tempi aşağı salmasına səbəb olurdu. Ancaq komanda topa sahib olduğu zaman da irəlidə çoxalmırdı ki, bu da təhlükəli əks-hücumların başlamadan bitməsinə səbəb olurdu.

"Neftçi" orta sahədə top çevirsə də, rəqib qapısı önündə yaddaqalan nəsə edə bilmirdi. Elə ki, zirəlilər qapıya tərəf qapandılar, rəqibi qapıçı cərimə meydanı önündə qarşılamağa başladılar, "ağ-qaralar" da qol üçün ümidləndi. Meydan sahiblərinin çoxgedişli ötürmələri öz bəhrəsini verməli idi ki, bu, 39-cu dəqiqəyə təsadüf etdi. Lavalın sol cinahdan asmasına iki müdafiəçi arasında özünü unutduran Sezar Meza Kolli başla qarşısıalınmaz zərbə vurdu. Halbuki bərabərlik qolundan bir neçə dəqiqə əvvəl "Zirə" bəlkə də, matçın taleyini həll edə bilərdi. Növbəti standart vəziyyət zamanı Sərtan Taşkının başla zərbəsi qaşısında Aqil Məmmədov çarəsiz qalsa da, qapı tiri imdadına yetişdi. Bunu bir növ görüşün qırılma anı da saymaq olar. Bu qol "Neftçi" futbolçularında özünəinamı bir qədər də artırdı. Zirəlilər isə sanki şokdan ayılmaqda çətinlik çəkirdilər. çünki qonaqlar artıq tez-tez top itkilərinə yol verirdi, onu özündə saxlaya bilmirdi.

İlk yarıdakı səhvindən dərs çıxaran "Zirə" fasilədən sonra rəqibini artıq meydanın mərkəzində qarşılamağa çalışırdı. Bu da "Neftçi"nin rəqib qapısına yaxınlaşmaq şansını azaldırdə. "Flaqman" bunun üçün ilk növbədə yarımmüdafiə, daa sonra müdafiə xəttini yarmalı idi. Oyun sisteminə nəzər yetirsək, matçın axarına uyğun "Zirə"də mövqe dəyişikliklərinin olduğunu demək lazımdır. Komanda topa sahib olduğu zaman Coşqun orta sahədən, Sərtan isə sağ cinahdan irəli çıxırdı. Belədə Qismət Alıyev müdafiənin sağ cinahına çəkilirdi. Sərtanın irəli atılması Volkovun da mərkəzə doğru meyillənməsinə yol açırdı. Ancaq əks cinahda belə gedişlərə çox müşahidə etmirdik. Təmkinin Ağabalaya hücumda, kapitanın isə komanda yoldaşına müdafiədə lazımi dəstəyi verdiyini söyləmək olmaz.

"Neftçi" isə əvvəlki matçlarda olduğu kimi, yenə Lavalın sol cinahdakı fərdi reydlərinə bel bağlayırdı. Ancaq fasilədən sonra Sərtan və Qismət ona yaxın oynayaraq, nigeriyalını zərərsizləşdirməyə çalışırdı. Ev sahiblərində matçın ən zəifi kimi kapitan Emin Mahmudovu vurğulmaq olar. Yarımmüdafiəçinin yorğunluğu aşkar görünürdü. Bu amil də "Neftçi"nin irəlidə kreativliyini azaldırdı.

İkinci hissə əslində "Zirə"nin istədiyi məcrada keçirdi. çünki komanda oyunda nəzarəti itirmirdi, rəqibin həmlələrinin qarşısını almaqda çətinlik çəkmirdi. Rəşad Sadıqov isə ilk əvəzləmələrlə ikinci qolu istədiyini göstərdi. Hamdauinin əvəzinə Loris Broqnonun meydana daxil olması ilə qonaqlar tipik 3-lü hücuma keçdi. Baş məşqçi sürətli əks-hücumlar zamanı rəqibin boşluqlar verdiyini gördüyü üçün bu addıma əl atdı. Coşqun Diniyevin İlkin Muradovla əvəzlənməsi isə həm birincinin yorulmasından, həm də orta sahədə artıq daha hərəkətli oyunçuya ehtiyac yaranmasından qaynaqlandı. çünki Coşqun topla oynamağı sevən futbolçudursa, İlkin daim işləməklə diqqət çəkir. Bu da hücumçuların irəlidə rahat oynamasına şərait yaradan faktordur.

Samir Abasov da cəmi 2 dəqiqə sonra ilk müdaxiləni etdi. Mirabdulla Abbasov və Ramon Maçadonun meydana daxil olması ilə komanda 2 hücumçulu sistemə keçdi. Sezar da onların arxasına – pleymeyker mövqeyinə keçdi. Görüşü aşağı səviyyədə keçirən Emin Mahmudovun əvəzlənməsi isə normal idi. Rəqibin hücumda çoxaldığını görən Rəşad Sadıqov sonuncu əvəzləmə üçün çox gözləmədi. Onun müdaxiləsi müdafiəni gücləndirməyə hesablandı. Eyni zamanda oyun sxemi də tam dəyişdi. Müdafiəçi Dmitrios çantaikasın hücumçu Ağabala Ramazanovu əvəzləməsi ilə orta sahədəki oyunçuların sayı artdı. çünki çantaikas müdafiənin mərkəzindəki yerini tutdusa, Qismət dayaq yarımmüdafiəsinə çəkildi. Davitlə Bronyonu irəlidə saxlayan çalışdırıcı 5-3-2 sisteminə keçdi.

Qarşılıqlı dəyişikliklər ilk olaraq "Zirə"yə müsbət təsir göstərdi. çünki komanda təhlükəli həmlələrlə diqqət çəkdi. Standart vəziyyətlər zamanı bir qayda olaraq Aqil Məmmədova həyəcanlı anlar yaşadan qonaqlar 71-ci dəqiqədə hətta önə keçə bilərdi. Sağ cinahdan ötürmə zamanı bomboş buraxılan Cəlal Hüseynov topu qapıdan keçirməyə borclu olduğu epizodda ona toxuna bilmədi.

Samir Abasovun son əvəzləməsi isə bir qədər də məcburiyyətdən yarandı. çünki ömər Buludov ayağında ağrılar hiss etdiyi üçün İsmayıl Zülfüqarlı mübarizəyə qoşuldu. Sən demə oyunun taleyini dəyişən elə bu dəyişiklik oldu. Sona yaxınlaşdıqca rəqibi onun cərimə meydanı önündə qarşılayan "Neftçi"də Lavalla Zülfüqarlı cinahdan artıq müdafiəyə qayıtmırdı. Sezarı da nəzərə alsaq, komanda 5 nəfərlə irəlidə qalırdı. Bu isə 84-cü dəqiqədə öz bəhrəsini verdi. Əvəzetmədən meydana daxil olan "Neftçi" yetirmələrinin qurduğu hücum qələbə qolu gətirdi. Mirabdulla-İsmayıl-Mirabdulla paslaşması gənc müdafiəçinin sağ cinahdan asması və forvardın gözəl baş zərbəsi ilə tamamlandı – 2:1.

Hesabda geri düşən "Zirə"nin artıq bütün komanda ilə irəli atılması başadüşülən idi. çünki onların bərabərlik topu üçün elə çox vaxtı da qalmamışdı. Belədə komandanın müdafiədə ciddi boşluqlar verməsi də normaldır. Maçado 89-cu dəqiqədə qolkiperlə təkbətək dueldən qalib ayrıla bilsəydi, "Neftçi" son dəqiqələri heç olmasa həyəcansız keçirərdi. Qonaqlar cəmi bir dəqiqə sonra buna görə çempionu cəzalandırmağa yaxın oldu. Di gəl ki, Sərtan bu dəfə qapı dirəyinə "ilişdi". "Zirə" son dəqiqələrdə bütünlüklə hücuma atılsa da, bərabərlik qolu üçün vaxtı çatmadı.

Beləliklə, əzmkar qələbə qazanan "Neftçi" həm ikinci pillədəki mövqeyini möhkəmləndirdi, həm də "Qarabağ"la ən azı xal fərqinin böyüməsinə imkan vermədi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest