"Neftçi" keyfiyyətli legioner transferini gerçəkləşdirəndən sonra ilk yoxlama oyununda Liberets "Slovan"ı ilə qarşılaşdı. çexiya təmsilçisi 8-ci pillədə qərarlaşdığı ölkə çempionatında son 4 görüşdə qələbə üzünə həsrət idi. Buna baxmayaraq, Topaz Premyer Liqasının lideri üzərində əzmkar qələbə (2:1) qazanmaq üçün o qədər də çətinlik çəkmədilər.

Doğrudu, klubunu dəyişmək haqda düşünən Baqali Dabo "Qaz Metan"la ilk hazırlıq matçında olduğu kimi, bu dəfə də təkbaşına nələrsə etməyə çalışırdı, "Neftçi"nin yeganə qolu da fərdi ustalığı sayəsində məhsuldar ötürmə edən Dabonun aktivinə yazılmalıdı. Amma "ağ-qaralar" hesabda irəli çıxdıqdan sonra komandanın real gücü görünməyə başladı. "Xalq komandası"na hansı xidmətlərinə görə prezident təyin olunduğu bilinməyən Kamran Quliyevin "fantastik transferləri"nin əsl bacarığı bu məqamda üzə çıxdı.

Müdafiənin mərkəzində və cinahlarında ciddi problem yaşayan "flaqman" bu mövqeləri gücləndirmək əvəzinə ən bahalı transferini oyunçu sarıdan heç bir qıtlıq yaşanmayan yarımmüdafiə xəttinə etdi. Hələlik,  səviyyələrinin "Neftçi"yə uyğun gəlib-gəlməməyi haqda konkret fikir bildirməkdə çətinlik çəkdiyimiz Mamadular - Mbodj və Kaneni nəzərə almasaq, Kamran müəllimin "lyubimçik"i olan Bordinin komandasının müdafiəsi aşsüzənə bənzəyir.

"Qarabağ"la 10 gün sonra keçiriləcək oyuna kimi müdafiə xətti güclənməsə, vay Quliyevin halına. Azarkeşlər kimə məğlubiyyəti bağışlasa da, belə məqamda ən prinsipial rəqib qarşısında boyun əyməyi "Forza Neftçi"ni tribunalardan küsdürən Kamran müəllimə bağışlamayacaq. Hələliksə, çexiyanın 8-ci komandası özünə çox da əziyyətə salmadan bərbad transferlər, komandadaxili ab-havanı pozmaq və gülməli sponsor anlaşmaları ilə "öyünən" Kamran Quliyevin xoruzunu qoltuğuna verdi.

"Neftçi" azarkeşlərinin yeganə ümid yeri "Qarabağ"ın da bu transfer dönəmində güclənməməyi və "xalq komandası" kimi müdafiədəki deşikləri bağlamamağıdı. Bütün suallara ən doğru cavab isə fevralın 3-də bilinəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest