Kiprin "Omoniya" komandasının baş məşqçisi Henninq Berq Avropa Konfrans Liqasının qrup mərhələsində İsveçrə "Bazel"inə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu gün təşkil olunmuş mətbuat konfransında "Qarabağ"a qarşı keçirdikləri matçı da xatırlayıb:
 
"Sabahkı oyunu səbirsizliklə gözləyirik. "Bazel" yaxşı komandadır. Bu rəqibə qarşı matçdan təcrübə qazanmaq və təkmilləşmək üçün istifadə etmək istəyirik. Düşünürəm ki, artıq nəticə qazanmalıyıq.
 
Avropadakı çıxışlarımız çox yaxşıdır. Yalnız "Qarabağ"a qarşı oyunun son 20 dəqiqəsində bəxtimiz gətirmədi. Qalan görüşlərdə yaxşı oynasaq da, nəticə əldə edə bilmədik".
 
"Omoniya" - "Bazel" qarşılaşması sabah keçiriləcək. Bu qrupun digər matçında isə "Qarabağ" Qazaxıstanda "Kayrat"ın qonağı olacaq.
 
"Omoniya" Nikosiyada "Qarabağ"a qarşı keçirdiyi oyunda 1:4 hesabı ilə uduzmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest