"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Avropa Konfrans Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində səfərdə Qazaxıstan "Kayrat"ı üzərində qazandıqları qələbədən (2:1) danışıb

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Avropa Konfrans Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində səfərdə Qazaxıstan "Kayrat"ı üzərində qazandıqları qələbədən (2:1) danışıb. Matc.az xəbər verir ki, o,  Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı bunları söyləyib:
 
"Qalib gələcəyimizə ilk dəqiqədən sonadək inanırdım. Hətta top buraxsaydım belə, komanda yoldaşlarımın qələbə topunu vuracaqlarına əmin idim. Qrupda daha 2 oyunumuz var. Amma hələ bu oyunlar barədə düşünmək üçün tezdir. "Omoniya" ilə Bakıda və "Bazel" ilə İsveçrədəki qarşılaşmayadək vaxtımız var. Həftəsonu səfərdə "Sumqayıt"la vacib çempionat matçına çıxacağıq. Daha sonra Azərbaycan millisində heç də az əhəmiyyət kəsb etməyən görüşlərimiz olacaq. Millini də dəstəkləmək lazımdır. Artıq uduzmaqdan yorulmuşuq". (Report)
 
Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasında 4 turdan sonra 10 xalla H qrupuna başçılıq edir. İkinci pillədəki İsveçrə "Bazel"inin 8 xalı var. Hər iki komanda sona 2 tur qalmış 2 xala malik Kipr "Omoniya"sı və 1 xalı olan Qazaxıstan "Kayrat"ı üçün əlçatmaz vəziyyətdədir və qrupdan çıxmağı təmin edib.
 
Azərbaycan millisi noyabrın 11-də Bakı Olimpiya Stadionunda Lüksemburq yığması ilə dünya çempionatının seçmə oyununu, noyabrın 14-də isə Qətərlə yoldaşlıq görüşü keçirəcək. "Qarabağ" isə "Omoniya" ilə noyabrın 25-də, "Bazel" ilə dekabrın 9-da üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest